Newscenter.az.17.03.2021. Martın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Newscenter.az xəbər verir ki, iclas “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusuna həsr olunub. Şuranın sədri, professor Şahlar Əsgərov bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında gənc nəslin tərbiyə olunması məsələsinə toxunması bu mövzunun müzakirəsini zəruri edib. O, iclasın fəxri qonağı, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı salamlayıb və belə nümunəvi övlad böyütdüyü üçün ona təşəkkür edib.
Şahlar Əsgərov qeyd edib ki, gənc yaşda general rütbəsi almaq Polad Həşimovun xüsusi qabiliyyəti idi. Lakin bu qabiliyyəti zirvəyə qaldırmaq üçün tərbiyə vacib şərtdir. Səmayə ananın tərbiyə etdiyi Milli Qəhrəmanımız bütün dünyaya öz vətənpərvərliyi və tərbiyəsi ilə insanlıq nümunəsi göstərdi.
Şahlar Əsərov Milli Qəhrəman, general-mayor Polad Həşimovanın anası Səmayə anaya belə nümunəvi övlad yetişdirdiyi üçün təşəkkür edib və ona İctimai Şura adından Fəxri Diplom təqdim edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev bildirib ki, Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhid olması gənc nəsilin düşmənə qarşı qisas hissini daha da alovlandırdı. 44 günlük müharibə və qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü dünyaya sübut etdi. Azərbaycan həm də bu müharibədə müasir texnologiyalardan istifadə etməklə daha bir ilkə imza atdı. Rektor deyib ki, tədbirin AzTU-da keçirilməsi heç də təsadüfi deyil. Çünki, bu universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda döyüşüb. AzTU-nun Vətən Müharibəsində iştirak edən tələbə və məzunları arasında 27 nəfər şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Etibar Əliyev, şura üzvləri Nadir İsrafilov, İlqar Orucov, Hikmət Əlizadə, Asif Cahangirov, Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə, tədbirin təşkilatçılarından “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli və digər rəsmi qonaqlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hər zaman xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıblar.
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova görüşə görə xüsusi təşəkkürünü bildirib.