Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Falçılıq cinayət məsuliyyəti daşıyırmı?



Newscenter.az.28.03.2021. Bəzi insanlar vardır ki, onlar işlərini öncədən müəyyən etmək, taleyində baş verə biləcək dəyişiklikləri bilmək üçün falçılara müraciət edirlər. Hətta şər qüvvələri özlərindən uzaq etməkdə bu falçıların yardımlarını üstün tutanlar da az deyil.
Din alimləri isə falçıları Allaha qarşı çıxmaq kimi göstərirlər. Quranda da “hər şeyi bilən Allahdır” deyə surə keçir. Bəs bu gün geniş şəkildə falçılara inamın qaynaqlandığı nöqtə nədir? Falçıların məşğuliyyəti cinayət məsuliyyəti daşıyırmı?

Burada söhbət psixoloji cəhətdən zəiflikdən çox, mənəvi boşluqdan, emosional ehtiyacdan gedə bilər. İnsan yaradılışı etibarilə dini-mistik istiqamətə meylli olur. Bir çox mənfi niyyətli qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir. Elm olmayan yerdə cəhalət at oynadar. Cəmiyyətin maarif səviyyəsi (ali məktəbə qəbul imtahanında topladığı bal yox, məhz savadlılıq dərəcəsi) yuxarı olmadığı təqdirdə, heç bir elmi əsası olmayan qüvvələr bunu fürsət bilirlər. Əminliklə demək olar ki, savadlılıq səviyyəsi yüksək olan, mənəvi-emosional cəhətdən dolu olan (və ya bu ehtiyacını necə qarşılayacağını bilən) insanların yaşadığı cəmiyyətdə absurd həll yollarına meyl edilmir. Nəticə etibarilə deyə bilərik ki, elm əsasdır. Elmi əsası olmayan yollar uğurlu yollar sayıla bilməz.

Həmçinin onu da bilməliyik ki, elm insanın bir qanadıdır. Onun digər qanadı isə mənəvi-əxlaqi tərəfləri, yəni hansısa dəyərləridir. İnsanlar falçıların yanında axtardıqlarını öz daxillərində gizləmişlər. Sadəcə olaraq, mənəvi boşluq elə dərəcədə olur ki, insan artıq harada olur-olsun bu boşluğunu doldurmağa çalışır.

İnsanlar mənəvi cəhətdən boşluqdadırlar, acdırlar, mənəvi, dini yöndən bilgisizdilər, belə boşluqları da falçılar və ekstrasenslər doldurur. Belə halda onlar insanların avamlığından istifadə edib külli miqdarda pul tələb edərək onları rahatlaşdırırlar. Bu cəmiyyətin dini, mənəvi elmə olan ehtiyacının çox olduğunu, buna baxmayaraq onların buna maraq göstərmədiyinin təzahürüdür. Daha doğrusunu desək insanlar asan olana qaçırlar. Düşünürlər ki, mən özüm imanı, dini öyrənmək əvəzinə pul verəcəm bir molla dua yazacaq, ya bir falçı problemimi həll edəcək. Əksinə belə halda özlərini problemin içərisinə atmış olurlar. Orta məktəblərdə, ali məktəblərdə, kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği, öyrədilməsi, din dərslərinin verilməsi, efirlərdə savadlı, elmli ilahiyyatçıların dəvət edilməsi ilə bu boşluq cəmiyyətdə doldurulmalıdır.

Əgər falçıların əməlləri sağlamlığa zərər verirsə, əlbəttə bu zaman qanun çərçivəsində işlər görülməlidir. Hətta məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan qanunlarında vicdan azadlığı deyilən bir anlayış var. Hər bir vətəndaşın vicdan azadlığı var. Həmçinin hər bir vətəndaş ticarətlə məşğul ola bilər. Yəni bu qanunla qadağan olunmur. Falçılar da bir növ bu işlə məşğul kimi özlərini göstərirlər. Falçılar qeyri-qanuni fəaliyyət göstərirlər. Onların ciddi əməlləri aşkar olunduqda qanun qarşısında cavab verməlidirlər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş