Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb



Newscenter.az.29.03.2021. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son günlərdə DSX əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Mart ayının 27-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilib, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.

Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11 965 qram narkotik vasitələrə (8 700 qram heroinə, 3 185 qram metamfetaminə, 80 qram marixuanaya, 4 030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula “maydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Mart ayının 28-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15 890 qram tiryəkə, 4 915 qram həşiş qətranına, 4 500 qram metamfetaminə, 4 480 qram heroinə, 2 610 qram marixuanaya və 300 ədəd metadon-40 həbinə oxşar maddələr aşkarlanaraq götürülüb.

Mart ayının 29-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 1 ədəd bağlama içərisində 2 420 ədəd metadon-40 həbləri aşkar edilib.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş