Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni millətçiliyi bundan sonra bir də heç vaxt baş qaldıra bilməyəcək

Erməni millətçiliyi bundan sonra bir də heç vaxt baş qaldıra bilməyəcək


Newscenter.az.31.03.2021. Bu gün xalq olaraq tariximizin ən kədərli günlərindən birini yaşayırıq. 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edirik. Amansız erməni-daşnak millətçilərinin və bolşevik Rusiyasının biz azərbaycanlılara qarşı birlikdə həyata keçirdiyi dəhşətli soyqırımından bu gün 103 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan və üç gün ərzində bölgələrimizdə davam edən kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, günahsız qurbanlarımızın ruhlarını ovutsun.

Əslində 31 mart Soyqırımının təməli hələ 1905-1907-ci illər erməni-müsəlman qırğını ilə qoyulmuşdu. "Böyük Ermənistan" yaratmaq xülyası ilə bəslənən erməni millətçiləri həmin vaxtdan etibarən azərbaycanlılara qarşı müxtəlif qanlı aksiyalar həyata keçiriblər. 1918-ci il martın 31-də Bakıdan başlanan erməni vəhşilikləri isə bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb. Daşnaklar və onların havadarları Bakı ilə bərabər, Şamaxı, Quba, Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda, İrəvan quberniyası ərazisində minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Ən pisi də budur ki, bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına və ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək, özlərinin torpaq iddialarını, siyasi niyyətlərini ört-basdır etməyə çalışmışdılar.

Lakin Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib və 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Hüzn Günü kimi qeyd edilib.
Sovet hakimiyyəti illərində bolşeviklər bu qanlı tarixi qəsdən yaddaşlarımızdan silməyə, başımıza gətirilən müsibətləri unutdurmağa çalışıblar. Müstəqillik dövründə isə ilk dəfə məhz 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb. Həmin gündən 31 Mart tarixi hər il Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

1998-ci ildən ötən dövr ərzində tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub, dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri keçirilib. Bu il bu faciəli tariximizi pandemiya şəraitində qeyd etsək də, lakin 31 Mart Soyqırımının günahsız qurbanlarının ruhlarının dinclik tapdığına əminik. Çünki Şanlı Ordumuz 44 günlük müharibədə imza atdığı parlaq Qələbə ilə düşmənin "Böyük Ermənistan" xülyalarını darmadağın etdi və daşnakların tarix boyu xalqımızın qanını axıtmağının qisasını aldı. Əminik ki, erməni millətçiliyi bundan sonra bir də heç vaxt baş qaldıra bilməyəcək. Dəmir yumruğumuz hər an düşmənin başını əzməyə hazırdır!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş