Newscenter.az.13.04.2021. Qənimətlər Parkı və Muzeyi bu günə qədər Azərbaycanda qurulmuş və qurulacaq bütün park və muzeylərdən fərqlənir. Bu parkın hər bir qarışı sanki açıq dərsdir, canlı tarixdir!
Bu park Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür.
Azərbaycan vətəndaşları bu parkda hər dəfə gəzərək hərbi qənimətlərlə tanış olduqca Azərbaycan ordusunun əzəməti, Ermənistan ordusunun acizliyini gözüylə görəcək, əldə edilən hər bir qənimətin texniki göstəriciləriylə tanış ola biləcək.
Parkı unikal edən digər bir cəhət isə Ohanyan səddinin eynisinin parkda yaradılmasıdır. Ohanyan səddi Ermənistan ordusu üçün çox şey ifadə edirdi. Bütün erməni xalqı əmin idi ki, Azərbaycan ordusu Ohanyan səddini keçə bilməz. Ermənilər Ohanyan səddinin tikintisinə milyardlarla vəsait xərcləmişdi. Bu sədd saysız-hesabsız minalardan, bataqlıqlardan, kirpi maneələrdən, çuxurlardan, dərələrdən, təpələrdən, tellərdən, aldadıcı hiylələrdən, istehkamlardan, silah anbarlarından, səngərlərdən, komanda nəzarət məntəqələrindən, sığınaqlardan, kazarmalardan ibarət idi.
Nəinki ermənilər, hətta onlara dəstək verən xarici qüvvələr də əmin idi ki, Azərbaycan ordusu Ohanyan səddini keçə bilməz. Lakin Azərbaycan ordusu Ohanyan səddini dağıtdı və bununla da bütün dünyada erməni ordusu və mühəndisləri barədə mifi darmadağın etdi.
Qənimətlər Parkında Ohanyan səddinin eynisi yaradılıb. Ermənilərin öz səngərlərində və səngərlərdə tikdikləri yuvalardan Azərbaycan səngərlərinə doğru nəzərə çarpmadan baxmalarını nümayiş etmək üçün mulyajlarından istifadə edilib. Erməni əsgəri mulyajlarından istifadə etməklə ermənilərin öz səngərlərində istifadə etdiyi bütün hiylələr nümayiş olunub.
Hər kəsə bu parkı diqqətlə gəzməyi, öyrənməyi, xüsusilə Ohanyan səddinin hər bir incəliyi ilə tanış olmağı tövsiyyə edirəm.
Qısa zamanda ərsəyə gələn bu Park bir canlı tarixdir! Bir qürur mənbəyidir! Möhtəşəm bir əsərdir!
Başda Ali Baş Komandan olmaqla bu möhtəşəm əsərin yaranmasında əməyi keçən hər kəsə təşəkkür edirəm!
Ceyhun Osmanli-politoloq