Newscenter.az.13.04.2021. Aprelin 13-də Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Newscenter.az xəbər vrir ki, sərəncama əsasən, oyunlarla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 1-dən iyulun 5-dək Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər.
Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd, Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.
Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, onların “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərə oyunlarla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.