Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT" Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir



Newscenter.az.13.04.2021. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu iş davam etdirilməkdədir. Elə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu da şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verməkdədir. Bu mənada, “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir.

Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərməkdədir.

“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub. Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5300 nəfər qədərdir. Reallaşdırılmış ödənişlərin sayı 4200-dəkdir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri isə məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. olub.

Şəhid olan hər bir vətəndaşımızın xatirəsi, yalananan hərbçilərimiz, qazilərimiz Azərbaycan dövləti üçün əzizdir. Bu mənada Azərbaycan Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürü idi. Bu kontekstdə qiymətləndirdikdə görürük ki, Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr də dayanmadan davam edir. Sözügedən hal isə cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş