Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizim görmək istədiyimiz hüquqi dövlətin ideal modelini əldə etmək çox çətindir



Newscenter.az.8.07.2021
. Hüquqi dövlət - yalnız ciddi ədalət, azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında yaradılmış hüquq normalarını mənimsəmiş dövlət təşkilatı formasıdır ki, burada vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərir.

Hazırda sivil və demokratik dövlətlər hüquqi dövlət qurmağı öz qarşılarına bir məqsəd kimi qoyurlar.

Vətəndaş cəmiyyəti - fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində ehtiyaclarının təmin edilməsini, hər kəsin güzəranını, rifahını və mövcudluğunu reallaşdıra biləcəyi bir sahədir. Vətəndaş cəmiyyətində fərdlər tamın bir parçası olur və bu müstəvidə də ehtiyac və iradəsini gerçəkləşdirir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsini, həmçinin dövlətin və cəmiyyətin hüquqi əsaslarını daim müasirləşdirməyi və hüquq sistemini keyfiyyətcə yeniləşdirməyi tələb edir.

Hüquqi dövləti analoji kateqoriyalardan fərqləndirən spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin həyata keçirilmə səviyyəsi bu və digər dövlətin hüququn üstünlüyünə nə qədər sadiq qaldığının göstəricisidir.

Hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur və fəaliyyət göstərir. Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Bu cür dövlətlərdə dövlət aparatının fəaliyyəti iqtisadi cəhətdən hegemonluq edən sinfin və siyasi elitanın ehtiyaclarının ödənilməsinə deyil, insanın və vətəndaşın hüquq və azadlıqlarına istiqamətlənir.

Adətən, dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğunu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əgər bu, yalnız kağız üzərində yazılmış deklarativ bir bəyanat olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasaydı, bu maddənin tələblərinin sözsüz yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir və dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşdirilə bilsin.

Əvvəllər hamının, ilk növbədə, dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərməsi hüquqi dövlətin əsas kriteriyası sayılırdı. Məsələn, qədim yunan filosofu Platon yazırdı: "Mən qanunların işləmədiyi və ya onların kiminsə təsiri altında olan dövlətin ölümünü çox yaxında görürəm. Harada ki, qanun idarəçinin ağası, idarəçi isə onun quludur, orada Allahın dövlətlərə hədiyyə etdiyi qurtuluş və rifah var". Amma zaman göstərdi ki, hətta qanunlara ciddi riayət eləyən dövlət belə, həmişə hüquqi ola bilmir. Məsələn, Faşist Almaniyası öz genosid planını qanunları əsas tutaraq həyata keçirmişdi. Amma həmin qanunlar özləri hüquqi deyildi. Deməli, qanuna əsaslanmaq hələ hüquqi dövlət olmaq demək deyil. Hər şeydən əvvəl qanun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir.
Alman klassik hüquq fəlsəfəsinin banisi İmmanuil Kant qeyd edirdi ki, vətəndaşları qanunlar çərçivəsində davranmağa məcbur etmək üçün dövlətin əlində olan imkanlara vətəndaşlar da malik olmalıdır ki, hakimiyyəti qanunlara dəqiq əməl etməyə məcbur edə bilsin. Bu ad hüquqi dövlətdə mümkündür. Təbii ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilatdır və vətəndaşla münasibətdə bu məsələdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq sanki aradan qalxır, daha doğrusu, minimuma enir. Çünki birincisi, vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə keçərək müstəqilləşir. Bununla belə, güc tətbiqi qayda deyil, istisnadır. İkincisi, vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur.

Hüquqi dövlətdə vətəndaş dövlət işlərində müstəqil iştirak etmək imkanlarına malikdir. Bu da xalqın iradəsini nümayiş etdirən seçkilər vasitəsilə həyata keçirilir. Burada nümayəndəli orqanlar, həqiqətən, xalqın nümayəndələrindən seçilir və yalnız seçicilər qarşısında məsuliyyət daşıyırlar. Onlar seçicilərin maraqlarını müdafiə etməkdən uzaqlaşdığı təqdirdə, hüquqi dövlətlərdə hazırlanmış xüsusi mexanizmlər vasitəsi ilə həmin seçkili orqanlar ya buraxılır, ya da başqası ilə əvəz olunur. Bundan başqa, cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlər referenduma çıxarılır. Və nəhayət, hüquqi dövlətdə hakimiyyət orqanlarına nəzarət edən və onların işinə təsir imkanı olan vətəndaş cəmiyyətləri fəaliyyət göstərir.

Adından da göründüyü kimi, hüquqi dövlət hər yerdə, hər kəsin mütəmadi və mükəmməl şəkildə qanun aliliyini qəbul etməsi deməkdir. Lakin qanunun hərfinə belə riayət etmək yalnız həmin qanunun cəmiyyət tərəfindən könüllü olaraq qəbul edilməsi, hüquqa, qanuna və dövlət hüquq siyasətinə hörmət hissi ilə yanaşılması zamanı mümkündür. Bütün bunlar isə yüksək inkişaf etmiş hüquq mədəniyyətinə malik cəmiyyətlərdə əldə edilir. Hüquqi dövlətdə idarəetmənin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi mütləqdir. Özü də bu bölünmənin deklarativ xarakterli olmaması vacib şərtdir. Dövlətdə effektiv nəzarət və təsir sistemi tətbiq olunmalıdır ki, bu hakimiyyətlərdən birinin digəri üzərində üstünlüyü mümkün olmasın. Hakimiyyətin bölünməsi prinsipi müxtəlif idarəetmə orqanlarının harmonik mövcudluğunu təmin edir, hakimiyyətlərdən hər hansı birinin səlahiyyətlərini aşmasının qarşısını alır ki, bu da məsələlərin müsbət həlli və dövlətin funksiyalarının yerinə yetirilməsi ilə nəticələnir. Hüquqi dövlətdə hər şeyin təməli iqtisadiyyatla bağlıdır. Dövlətin bütün çətinliklərinin və uğurunun kökü cəmiyyətin sosial vəziyyətinə bağlıdır. Buna görə də hüquqi dövlətin siyasəti hər şeydən əvvəl xalqın sosial problemlərinin həllinə yönəlməlidir. Sosial dövlət ideyasını reallaşdırmadan hüquqi dövlət qurmaq mümkün deyil. Sosial problemləri həll eləyən dövlət cəmiyyətin hər bir üzvünün ləyaqətli inkişafını təmin etmiş olur.

Hüquqi dövlət anlayışı barədəki analizi yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, bizim görmək istədiyimiz hüquqi dövlətin ideal modelini əldə etmək çox çətindir. Amma bu o demək deyil ki, əl-ayağımızı uzadıb oturmalıyıq. Sahib olduğumuz dövlət modelini daim müasirləşdirmək üçün çalışmalıyıq ki, ən azından düşündüyümüz və ya təsəvvür etdiyimiz dövlət modelinə daha çox yaxınlaşaq.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş