
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Qaraqalpaqıstanın 14 rayonunda və Xorəzmin 10 rayonunda 647 km yolun təmiri üçün 173,48 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib. Bu barədə bankın rəsmi saytında məlumat verilib.
OIIB-dən verilən məlumata görə, bu təşəbbüs yerli avtomobil yollarını beynəlxalq və regional yol şəbəkələrinə birləşdirərək yaşayış məntəqələri arasında nəqliyyatın rahatlığını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, əhalinin sosial xidmətlərdən daha geniş istifadəsinə şərait yaradacaq və regionlarda iqtisadi inkişafa töhfə verəcək.
Qeyd olunur ki, Özbəkistanda bir çox regional yollar 1950-1960-cı illərdə tikilib və uzun illərdir ki, kifayət qədər diqqət yetirilmir. Nəticədə yolların istismarı səngiyib, təmir olunmayan yolların sayı artıb.
Yenidənqurma işləri çərçivəsində iqlimə davamlı yol örtükləri bərpa olunacaq, körpülər təmir olunacaq və bəzi yerlərdə yenidən qurulacaq. Həmçinin drenaj sisteminin təkmilləşdirilməsi, hərəkətin təhlükəsizliyini təmin edən avadanlıqların quraşdırılması, avtobus dayanacaqlarının təchiz edilməsi nəzərdə tutulur. Lazım olan yerlərdə piyadaların təhlükəsizliyi üçün səkilər də tikiləcək.
Mövcud yollar daxilində onların eni saxlanılmaqla yolun bərpası aparılacaq. Yeni yolların salınması və ya mövcud yolların genişləndirilməsi nəzərdə tutulmur.
Bank layihənin gedişatını izləmək üçün ərazilərə illik monitorinq səfərləri həyata keçirəcək. Zəruri hallarda, xüsusilə ilk illərdə əlavə monitorinq səfərləri təşkil edilə bilər.