
Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək.
Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.
Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi nizamnamə məqsədlərindən irəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır.
"Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu, özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrant müsabiqələridir".
Ü.Qarayeva bildirib ki, müsabiqədə iştirak üçün dörd spesifik mövzu istiqaməti olacaq.
"QHT-lərin layihə təklifləri üçün 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. Hər bir QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin Agentlik QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız bir layihəsini maliyyələşdirə bilər".
Sözçü vurğulayıb ki, Dövlət Agentliyi QHT-lərin inkişafı, ölçüləbilən nəticələrlə onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək tədbirlərini genişləndirməkdə davam edəcək. Yaxın günlərdə Özbəkistan Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondla əməkdaşlıq çərçivəsində a birgə qrant müsabiqəsi də elan olunacaq.