
Cəbrayıl bizim üçün azadlığın, mübarizənin və igidliyin rəmzidir. Torpaqlar işğaldan azad edilən zaman Azərbaycan xalqı ilk böyük qələbəsini Cəbrayıl camaatı ilə birlikdə qeyd etdi. Bu torpağın hər qarışı tarixdir, hər daşı isə qəhrəmanlıq nişanəsidir. Burada böyüyən nəsillər ata-babalarının zəhmətini, şəhidlərimizin qəhrəmanlığını daim qəlbində yaşadacaqdır. Mən də bir Cəbrayıllı olaraq bu nəslin nümayəndəsiyəm və hər birimiz doğma torpaqlarımıza qayıdacağımız günü bütün məcburi köçkünlər kimi səbirsizliklə gözləyirik.
Hələlik Cəbrayıla gedib öz yurdumuzda qonaq kimi qalsaq da, bu, həm də böyük qürur hissi yaşadır. Çünki artıq bilirik ki, Cəbrayıl azaddır! Tezliklə hər birimiz öz yurdumuza dönəcək, o torpaqlarda yenidən azad həyat yaşayacağıq.
Hal-hazırda Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsi olaraq müxtəlif tədbirlərimizi məhz Cəbrayılda həyata keçirilməyimiz bizi qürurlandırır. Hər bir mərasim, hər bir toplaşma yurdumuzun yenidən dirçəlməsinə, camaatımızın doğma yurda bağlılığının möhkəmlənməsinə xidmət edir.
Onu da vurğulamaq istəyirəm ki, bu gün birlik olaraq tədbirlərimizi Cəbrayılda təşkil etməyimiz bizim şəhidlərimizin ruhuna hormət və ehtiramımızdan, öz yurdumuza olan bağlılığımızdan irəli gəlir.
İnaniram ki, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacağı günü səbrlə və inamla gözləyir.
Artıq bilirik ki, igid Ordumuzun və Ali Baş Komandanımızın sayəsində azadlıq nəinki əldə olunub, həm də gələcək nəsillərə əmanət olaraq qalacaq.
Çünki bu qələbə Ali Baş Komandanımızın dəmir yumruğu, şanlı Ordumuzun igidliyi və şəhidlərimizin müqəddəs qanı sayəsində əldə olunmuşdur və hər birimiz üçün əbədi qürur mənbəyidir.
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini, Zəfər TV-nin xüsusi müxbiri, yazıçı-publisist, şairə Dürdanə Qaraşova