Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Unun qiymətlərin qalxmasına təsir edən xarici və daxili səbəblər



Newscenter.az.4.01.2022. Unun qiymətində bahalaşma ilə bağlı xəbərlər gəlməkdədir. Hələlik məsələyə rəsmi münasibət olmasa da, yerlərdə süni artımların qarşısını almaq üçün addımlar atılır. Amma problem ondadır ki, dünya bazarlarında taxilin bir tonunun qiyməti 340 dollara gəlib çatır. Bunun bir çox səbəbləri var ki, bunlardan başlıcası 2020-ci il pandemiya ili olsa belə avqusta olan statistikaya görə 760 milyon ton taxıl istehsal olunsa da, 2021-ci ilin eyni dövründə isə bundan 23 milyon ton az, 737 milyon ton taxıl istehsal olunmuşdur. Bu problem təkcə 23 milyon tonun problem deyil.

Digər tərəfdən də bir il ərzində dünya əhalisinin sayı 100 milyona yaxın artır. Üçüncü bir tərəfdən isə 2020-ci ildə olan qida qəbulu ilə 2021-ci ildə olan qida qəbulu arasında fərqlər də mövcud olmuş və bu 2022-ci ildə də davam edəcək. Çünki postpandemiya dövrü iqtisadi aktivliyin bərpası, xəstəliklər sonrası insan orqanizmin daha çox qida tələb etməsinə gətirib çıxarmışdır (Beynəlxalq təşkilatların hesabatında bu qeyd edilir). Bütün bunlardan sonra taxıl istehsalının da 23 milyon ton azalması hələ ötən ilin ortalarından ciddi qiymət artımına gətirib çıxardır. Biz də İnfilyasiyaya haqq qazandırmaq üçün qalxan qiymətləri "idxal infilyasiyası" adlandırıq. Düzdür, bu amilin hazırda rolu hazırda 50 faizdən artıqdır. Amma bunun günahi xaricdən məhsul idxal etdiyimiz ölkədə deyil. Bu qədər torpaqlarımız və işçi qüvvəmiz olduğu halda yeyinti məhsulları üçün 1,68 milyard dollar xaricə pul xərcləyirik.

Dövlət olaraq neçə ildir ki, çörəyin qiymətinin qalxmaması üçün bütün vergi və digər güzəşt mexanizmlərindən istifadə edirik. Daha dəqiq desək, çörəyin qiymətinin artmaması üçün buğdanın idxalını, eləcə də un və çörək satışını ƏDV-dən azad edilib. Artıq bir ilə yaxındır ki, un istehsalçılarına subsidiyalar verilir. Başqa sözlə, dövlət bütün mümkün dəstək formalarından istifadə edib, az qala yarım milyard manata yaxın bu istiqamətdə vəsait sərf edir və ya gəlirdən imtina edir. Amma yenə unun qiymətində bahalaşma qaçılmazdır. Ona görə ki, biz buğda ehtiyacımızın xaricdən asılılığını ciddi azalda bilmirik. Buğdaya təlabat məsələsində özünütəminat səviyyəsi 70%dən artıq olarsa, bunu qənaətbəxş hesab edə bilərik. Amma hazırda idxaldan olan mövcud asılılıq bizi qane edə bilməz.

Buğda ən strateji məhsul olduğuna görə bu məhsul üzrə olan statistika bizə daha maraqlı olmalıdır. 2020-ci ildə Azərbaycanın icmal ərzaq balansına görə ölkədə 1.818 milyon buğda istehsal olunub, 1.365 milyon ton buğda isə idxal edilib. 0,86 milyon ton buğda 2019-cui ildən qalıq kimi qalıb. Bu qədər buğdadan istifadəyə gəlincə, 134 min ton toxum, 501 min ton maq-qara və quşlar, 2,57 milyon ton sənaye ehtiyacları üçün istifadə edilib, 87 min ton isə emal edilmədən ərzaq məhsulu kimi satılıb. Göründüyü kimi burada əsas təlabat 2.5 milyon ton olmaqla sənaye istehsalı üçün sərf edilib ki, bununda 80%-ə yaxını un istehsalı təşkil edir. Göründüyü kimi Azərbaycanın istehsal etdiyi buğdanın həcmi onun un istehsal etmək üçün istifadə etdiyi həcmə təxminən bərabərdir. Amma istehsal edilmiş buğda qida standartlarına cavab vemədiyi üçün biz bunu heyvanlara, quşlara yediririk, un üçün isə kənardan (əsasən Rusiyadan) idxal edirik. Özümüzün istehsal etdiyimiz keyfiyyətli buğda isə təlabatımızın təxminən 55-60%-ni təşkil edir. Yerdə qalan 40-45% keyfiyyətli buğdanı isə idxal hesabına təmin edirik. Hazırda isə qedy etdiyim kimi dünya bzarlarında buğdanın qiyməti 340 dollar ətrafında dəyişir.

Bu şəraitdə bizim üç yolumuz var:

Birincisi, dövlət buğda siyasətində liberallaşmaya gedir, heç bir müdaxilə və güzəşt etmir, qoy qiymətləri bazar tənzimləsin. Dövlətin bu günki strategiyasına diqqət etsək görərik ki, bu yol, dövlət üçün qəbuledilməzdir. Sosial prinsiplərə ciddi önəm verdiyi və çörəyin ən strateji qida məhsulu olduğunu nəzərə alsaq, dövlət mütləq şəkildə bu problem özü həll etməyə çalışacaqdır. Deməli birinci yol real görünmür.

İkinci yol, küllü miqdarda pul xərcləmək yoludur, yəni güzəştlərin artırılmasıdır. Artıq sıfır faiz ƏDV olduğundan bu son həddir. Deməli, subsidayaların həcmi artırlır. Ya da digər dəstək mexanizmləri tətbiq edilir. Məsələn, insanlara “çörək pulu” verilir. Bu yolda hansı seçim edilsə, dövlətin xərc yükü artacaq. Son dövrlərdə çörəyin qiymətini stabil saxlamaq üçün xərclədiyi 0.4 milyard manata yaxın vəsaiti daha da artırmalı, 0.6-0.7 milyarda çatdırmalıdır.

Üçüncü yol, buğda istehsalı həcmini artırmaq üçün təxirə salınmaz tədbirlər görməkdir. Bu zaman həm buğda istehsalı üçün ayrılmış torpaq sahələrin artımına önəm vermək, eyni zamanda keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olmaq lazımdır. Hazırda taxıl sahələrinin 62%-nin buğda, 38%-nin arpa olduğunu nəzərə alsaq, buğdaya olan payın artırılması mümkündür. Keyfiyyətin artırılması məsələsinə gəldikdə isə bu haqda bu sahənin mütəxəsisləri daha yaxşı bilər. Mənim bildiyim odur ki, buna nail olmaq üçün aqroparklar, elmi-tətqiqat müəssisələri və digər strukturlar yaradıldı. Amma reallıq budur ki, nəticə gözlədiyimiz kimi deyil. Mən başa düşürəm ki, Azərbaycan su qıtlığından əziyyət çəkən bir ölkədir. Əksər yerlərdə dəmyə əkinçiliyinin aparılması da lazımı həcmdə məhsul istehsalına imkan vermir. Amma yenə də reallıqları daha dəqiq qiymətləndirib nəticə yönümlü fəaliyəti artırmaq lazımdır.

P.S. Mənə gəlincə, mən 4-cü yolu seçərdim. Bu yol 2-ci və 3-cü yolların vəhdədidir. Çünki ayrı-ayrılıqda nə 2, nə də 3 əlverişli deyil. Çünki, güzəştlərsiz olmaz, amma güzəştlər də əbədi ola bilməz. Bir müddət bu güzəşt mexanizmləri işləməlidir. Amma bununla parallel olaraq idxaldan asılılığımızı minimuma salmaq üçün ciddi tədbirlər görülməlidir. Onsuz da taxıl bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yeni sortların yaradılması və seleksiyası üçün bizə illər lazım olacaq.

Eldəniz Əmirov-iqtisadçı ekspert
Xəbəri paylaş