
Son zamanlar xarici və yerli mediada bəzi ölkələrdə “Sikada” adlı yeni COVID-19 ştammının (BA.3.2) yayılması barədə məlumat verilir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, virusun bu mutasiyasının ABŞ, Honkonq, Mozambik və Böyük Britaniya da daxil olmaqla 23 ölkədə qeydə alındığı məlum olub.
Mutasiya yuxuya gedə bilən və uzun müddət özünü hiss etdirməyən bir həşəratın - sikadanın adını daşıyır. ÜST isə hələlik xəstəliyin yayılmasını və ciddi problemlərin yaranmasını izləmək üçün heç bir səbəb görmədiyi qənaətinə gəlib.
İlkin tədqiqatlara görə, "Sikada" ştammı "Omikron"a bənzər klinik simptomlara malikdir. Bu, tənəffüs yollarının zədələnməsi, burun tıxanıqlığı, öskürək, boğaz ağrısı, qızartı və bəzən qoxu və dad itkisi kimi simptomlarla özünü göstərə bilir.
Mütəxəssislərin rəyinə görə, uşaqlar böyüklərdən daha çox bundan əziyyət çəkirlər. Buna səbəb isə o göstərilir ki, pandemiya dövründə dünya əhalisinin böyük bir hissəsi COVID-19-a qarşı peyvənd olunub və buna görə də onların bu xəstəliyə yenidən yoluxma ehtimalı çox aşağıdır. Lakin əvvəllər koronavirusla qarşılaşmayan, yəni bədənlərində xəstəliyə qarşı antikorlar hələ formalaşmamış uşaqlar bu virusa yoluxma riski altındadırlar.
Xroniki xəstəlikləri olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, immun sistemi zəif olan insanlar və yaşlılar üçün də bu təhlükə mövcuddur.
Anar











































