Newscenter.az.8.01.2022. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”ın suallarını cavablandırıb, Qazaxıstandakı olaylar, həmçinin hadisələrin perspektivləri, eyni zamanda Qarabağdakı sülhməramlılarla bağlı ilginc açıqlamalar verib.
- Fəzail bəy, Rusiyanın postsovet məkanı ilə bağlı ssenariləri həmişə olub, vaxtaşırı bu, müxtəlif səviyyələrdə dilə gətirilib. Qazaxıstanda yaşananlarla imperiyanın bərpa edilməsi niyyətləri arasında rabitə görürsünüzmü? Nədən prezident Tokayev ölkəsinin müstəqilliyini təhlükəyə atdı, qırğına getdi?
- Əslində Tokayev prezident seçildikdən sonra ən müxtəlif yollarla xalqın böyük rəğbətini qazanan Nursultan Nazarbayevin imicinə son qoymaq və Qazaxıstan prezidenti kimi, yeganə söz sahibi olmağa çalışırdı, bu hədəfi var idi. Təbii ki, müasir Qazaxıstan dövləti Nazarbayevin əsəridir. Bu dövlətin qurucusu, memarı və yaradıcısı Nazarbayevdir. Kifayət qədər ağıllı və türk dünyasının liderlərindən birinin lideri kimi, Qazaxıstanın xarici və daxili siyasətini quran, onu ən gərgin, çətin situasiyalardan çıxararaq, bugünkü səviyyəyə qaldıran bir tarixi şəxsiyyətdir. Onun bu dərəcədə məşhur olması, xidmətləri, xüsusilə də Qazaxıstanın dövlətçiliyinə bağlı olan üstün dəyərləri özündə ifadə edən insanlar arasında böyük nüfuzu Tokayevi çox qıcıqlandırırdı. Heç şübhəsiz ki, bu, Moskvanın diqqətindən kənarda qalmırdı. Onun agentura şəbəkəsi, “beyin mərkəzləri” həm də Qazaxıstanla ciddi şəkildə məşğul olurdu. Çünki Qazaxıstan özünün ərazisinə, təbii ehtiyatlarına, geopolitik üstünlüklərinə görə son dərəcə önəmli bir ölkədir. Belə bir ölkədə Rusiyanın nüfuzunun aşağı düşməsi, Qazaxıstanın müstəqil siyasət aparaq, eyni zamanda Çinlə Qazaxıstanın dövlət və mili maraqlarına xidmət edən siyasətin reallaşması Rusiyanı narahat edirdi. Daha bir vacib məqam: hər kəsə bəllidir ki, Nursultan Nazarbayevin Türk dövlərtlərinin bir araya gəlməsində çox ciddi və müstəsna xidmətləri var. Onun istər Türk Şurasının, istər Türk Dövlətləri Təşkilatlarının yaradılmasında xidmətləri danılmazıdr. O həm də böyük türkçü bir şəxsiyyətdir. Yeni bir geopolitik və gələcək geoiqtisadi nəhəngin ortaya gəlməsində həm Nazarbayevin oynamış olduğu rol danışlmazdır. Qazaxıstanın bu baxımdan ciddi əhəmiyyət kəsb edən bir ölkə kimi məhz Rusiyanın təsiri altından çıxmasına Kreml heç cür razılaşa bilmirdi. Bununla bağlı Rusiyanın siyasi dairələrində, parlamentində, hətta Putin, Lavrov səviyyəsində Qazaxıstana qarşı təpkilər var idi, onu qurama dövlət kimi qiymətləndirir, Qazaxıstanı Rusiyanın tarixi ərazisi kimi ortaya gətirirdilər. Xüsusilə Lavrovun SSRİ dağıldıqdan sonra “Qərb keçmiş imperiya məkanındakı boşluqlardan istifadə etməyə çalışır” kimi çox təhlükəli bir fikirləri də bu cür vəziyyətin yaranmasından xəbər verirdi.
- Qazaxıstanda yaşananların ardınca digər postsovet ölkələrinə, o cümlədən Azərbaycana qarşı hansısa təhlükəli ssenarilər işə salına bilərmi?
- Mən düşünürəm ki, bu, hələ son deyil. Əgər Qazaxıstan məsələsində Rusiya öz istəyinə nail olsa... Faktiki olaraq Belarusu özünə tabe etdirdi, baxmayaraq ki, Lukaşenko çox müqavimət göstərdi. Ancaq son prezident seçkilərində yenə də Kremlin qurduğu ssenariyə uyğun olaraq, Lukaşenko öz müstəqilliyini tamamilə itirdi. Ukrayna çox pis vəziyyətdədir. Krım gedib, Luqansk, Donesk Rusiyanın nəzarəti altındadır. Məlumata görə, Ukrayna ilə müharibə gözlənilir. Qazaxıstanın Rusiyanın təsiri altına keçməsi Orta Asiya respublikalarının digərlərinin də müstəqilliyini tamamilə itirməsinə gətirib çıxaracaq, buna heç kəsin şübhəsi olmasın. Belə olarsa, artıq Rusiyanın iştah xətti Qafqaza qədər də gəlib çıxa bilər, buna şübhə yoxdur. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda Rusiyanın sülhməramlı qüvvələri var. Bu qüvvələrin kontingenti də istənilən vaxt genişləndirilə, istənilən vəziyyətdə Azərbaycana ciddi problemlər yaradıla bilər. Ermənistan bəlli. Gürcüstana gəldikdə, Rusiyapərəst İvanişvili orta mövqedə dursa da, neytrallığı təmin etsə də, bu ölkəni də ələ alıb, orda öz hakimiyyətini yaratmaq Moskva üçün o qədər də çətin məsələ deyil. Düşünürəm ki, bunlar da onun hazırlamış olduğu planın tərkib hissəsindədir.
“Xalq olaraq iradəmizi ortalığa qoyub, onlara gəldiyi yerə yolunu göstərməliyik və göstərəcəyik də...”
Beləliklə, əslində bu gün Putin Rusiyası keçmiş SSRİ məkanında - Baltikyanı ölkələr istisna olmaqla - öz mövqelərini gücləndirmək, bu ölkələri tamamilə öz təsiri altına salmaq niyyətini gizlətmir. Bir sözlə, bu gün Tokayev təkcə qazax xalqına deyil, bütövlükdə Türk dünyasına, Orta Asiyanın qardaş respublikalarına çox böyük xəyanət etdi və onlar üçün gələcəkdə ciddi problemlərin yaranması üçün yolu açdı. İndi baxaq, görək hadisələrin gedişi hansı istiqamətədək davam edəcək? Nəzərə alsaq ki, Nazarbayev hələ bu günə qədər susur. Onun Təhlükəsizlik Şurasının sədri vəzifəsindən uzaqlaşdırılması da qeyri-qanunidir, əslində dövlət çevrilişinə bənzər olaydır. Digər tərəfdən, 170 min ordusu, 200 minlik polisi olan bir ölkənin KTMT-yə müraciət etməsi, beləliklə də Rusiya qoşunlarının Qazaxıstana dəvət edilməsi əslində çox ciddi məqamlardan xəbər verir. Mən bütövlükdə Qazaxıstanda baş vermiş hadisələri Kremlin hazırlamış olduğu birgə ssenarisi kimi baxıram. Bunun sonradan hansı istiqamətdə gedəcəyini dəqiqləşdirmək üçün Nazarbayevin açıqlamalarına və yaranmış situasiyaya münasibətinə ciddi ehtiyac duyacağıq. Ondan sonra vəziyyət haqqında nisbətən dəqiq fikirlər söyləmək olar.
- Sizcə, Türk dövlətinin prezidenti Türk Dövlətləri Birliyinə niyə etibar edib, heç olmasa məsləhətləşməyə ehtiyac duymadı? Bu, ondan xəbər vermirmi ki, baş verənlər həm də Türk birliyinə qarşı hazırlanmış ssenari və qəsddir?
- Tamamilə doğrudur. Bu, həm də Türk Dövlətləri Birliyinin bu gününə və gələcəyinə ən böyük zərbədir. Çünki Qazaxıstan həm bu layihənin təşəbbüskarlarından, bu layihənin həyata keçirilməsində vacib rol oynayan ölkədir. Azərbaycan bu prosesin tam mərkəzindədir, Türkiyə və Qazaxıstan müəllifdir və təşkilatçılıqda öndədir. Bu, üç ölkə Türk Dövlətləri Təşkilatının gələcəkdə Türk Dövlətlərinin İttifaqına çevrilməsini qarşıya qoymuşdu və onu hədəfləmişdi. Tokayevdən isə bunu gözləmək mümkün deyildi. Çünki əslində bu ssenarinin əvvəldən-axıradək getməsi Tokayevlə Kremlin birgə layihəsi idi. Tokayev öz hakimiyyətini gücləndirmək və Nazarbayevin ortaya qoyduğu ideyaların qarşısını almaq, Qazaxıstanda Nazarbayevin imicinə zərbə vurub, ona tamamilə sona çatdırmaq niyyətini Rusiya ilə bərabər reallaşdırmaq istəyində olub. Belə olan halda təbii ki, o, KTMT-yə müraciət etməli idi, necə ki, etdi. Çünki əgər Türk dövlətlərinin məhdud kontingenti Qazaxıstanda olsaydı, bu, heç bir halda Qazaxıstanın müstəqilliyinə zərrə qədər də təhdid və təhlükə yarada bilməzdi. Amma əslində orada həlledici rol oynayan Rusiyadır. Hətta kontingentin rəhbərini də təyin edib. Təsəvvür edin, hərbi hava desantının komandanının sülhməramlı qüvvələrə rəhbər edilməsinin özü də çox ciddi məqamlardan xəbər verir.
- Yəni bu gedişlə sülhməramlılar tezliklə Qazaxıstanı tərk etməyəcək?
- Mən güman etmirəm. Ancaq mənim belə bir əminliyim də var ki, Nazarbayev müstəqil Qazaxıstan yaratdığı kimi, bu, müstəqil ölkəni göz bəbəyi kimi qoruyub-saxlamağa hazır olan böyük bir nəsil də yetişdirib, formalaşdırıb. Cəmiyyətin böyük əksəriyyəti Tokayevin və Kremlin birgə layihəsi olan bu olaya sükutla yanaşmayacaq. Məncə, hələ biz hadisələrin başlanğıcındayıq. Gələcəkdə çox ciddi proseslər gedə bilər. Ola bilsin ki, ikinci, üçüncü dalğa Tokayevi və sülhməramlı qüvvələri Qazaxıstandan süpürüb ata bilər.
- Sülhməramlı adı altında KTMT-nin, daha doğrusu, Rusiya əsgərinin Qazaxıstana girməsi həm də bu təşkilatla bağlı presedent yaratdı, istisna deyil ki, Nikol Paşinyanın sevincinin arxasında həm də bu dayanır. Qarabağdakı sülhməramlıların da davamlı şəkildə əndazəni aşmasını müşahidə edirik. Hətta Azərbaycan Prezidenti Qarabağa qanunsuz səfər edən Dövlət Dumasının üzvünə görə Rusiyanın hakim partiyasına etiraz məktubu göndərib. Necə bilirsiniz, bu məsələlərlə bağlı növbəti addımlar nədən ibarət olmalıdır?
- Əslində biz mövqeyimizi daha da möhkəmləndirməliyik. Ölkə prezidentinin bu istiqamətdə atdığı addımlar tamamilə milli maraqlarımıza xidmət edir. Aparılan danışıqlar, keçirilən görüşlər, imzalanmış sənədlər, beynəlxalq təşkilatların vermiş olduğu bəyanatlar bu baxımdan bizim xeyrimizədir. Paşinyanın son vaxtlar verdiyi açıqlamalar da birmənalı şəkildə sübut edir ki, diplomatik müstəvidə Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbənin beynəlxalq səviyyədəki hüquqi sahədə uğurlarını davam etdirir. Təbii ki, biz bu prosesi davam etdirəcəyik. Eyni zamanda ordumuzun gücləndirilməsi, sərhəd bölgəsində hərbi kontingentimizin yerləşdirilməsi, onların bütün mənalarda təchizatının ən yüksək səviyyəyə qaldırılması işlərini paralel şəkildə aparmaqla, biz eyni zamanda Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında həyata keçirdiyi qanunsuz hərəkətlərə qarşı da mövqeyimizi ortaya qoymalıyıq. Bu, təkcə cənab prezidentin dediyiniz kimi, etirazı səviyyəsində deyil, eyni zamanda cəmiyyət olaraq da, millət vəkilləri, siyasi institutlar, media olaraq olduqca həssas olan məsələyə prinsipial mövqeyimizi bildirməliyik. Azərbaycan xalqı güclü xalqdır, bunu sübut etməyə ehtiyac yoxdur. Biz bunu 1988-ci ildən bəri dəfələrlə öz iradəmizi ortaya qoymaqla sübut etmişik. Milyonlarla insan Azərbaycanın azadlığı üçün bir araya gəlib, 20 yanvarda milyonlarla insan öz şəhidlərini son mənzilə yola salanda da, eyni zamanda daxildə Rusiyanın əlaltılarının qiyam qaldırmaq cəhdlərinin aradan qaldırılması zamanı ulu öndərimizin çağırışına səs verən milyonlarla insanın ayağa qalxmasına, son 44 günlük müharibədə xalqımızla dövlətimizin, ordumuzun bir olmasının bir olmasının nəticələrinə söykənərək deyə bilərik ki, Azərbaycan xalqı, bu fenomen Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən istənilən vaxt çıxarılmasına qadirdir. Biz bunu tarixdə sübut etmişik, bu gün də sübut edə bilərik. Amma indi bəzi məqamlar var, bəzi gözləntilərə ehtiyac duyulur. Biz hadisələrin gedişini çox səbirlə, təmkinlə izləməliyik. Ölkə prezidentinin atdığı addımları çox diqqətlə nəzərdən keçirməli, təhlil etməli, ona uyğun olaraq addımlarımızı atmalıyıq, zamanında isə təbii ki, xalq olaraq iradəmizi ortalığa qoyub, rus sülhməramlılarını gəldiyi yerə yolunu göstərməliyik və göstərəcəyik də, buna mənim şübhəm yoxdur. Bu baxımdan mən arxayınam.
Düşünmürəm ki, Rusiyanın sülhməramlı qüvvələri məhz Azərbaycan xalqı üçün təhlükədir, Azərbaycan dövlətinin, ölkə prezidentinin əzmini qıra biləcək bir gücə malikdir. Bəli, Rusiya güclü ölkədir. Lakin xalq və dövlət olaraq, dövlət başçımızın rəhbərliyi ilə iradəmizi ortaya qoymaq imkanlarımız da var. Bu iradə artıq 44 günlük müharibədə özünü göstərdi. Biz təkcə erməni vandallarına deyil, onun arxasında duran beynəlxalq güclərə də qalib gəlib, bunu hər kəs bilir. İstər döyüş cəbhəsində, istər diplomatik müstəvidə, istər informasiya müharibəsində. Bu birlik həmişə olacaq. Mən əminəm ki, biz zamanında rus hərbçilərinə “ölkəni tərk et”, deyərək, onların yola salınması üçün iradəmizi ortaya qoyacağıq.