Newscenter.az.5.02.2022. Bu günlərdə bu qədər gurultunun, hay-küyün ortasında sakit qala bilmək, seyr halında olmaq böyük işdir. Danışmaq qiymətlidir, bütün bağlı qapıların açarıdır mənim üçün. Amma susmaq... bax, o, həmin qapının özüdür. Danışaraq, həll edərək, yön verərək nələrinsə düzələcəyinə inansam da, bəzən səssiz qalaraq durulmağın da həqiqət olduğu aşkardır.Bəzən danışmaq, anlatmaq, yazmaq nəyin nə olduğunu göstərmək istəyirəm, amma vacib bir məqamı xatırlayıram; bəzi məsələlər səssizlikdən sonra həll olur, bəzi düyünlər susqunluqla çözülür, bəzi körpülər sükutla dağılır,bəzi insanlar Allahın ədaləti ilə cəzalanır. Getmək vaxtı çatanlar gedir, "hələ də bir ümid var" deyənlər mütləq bir yol tapır.
Adamların ağızları köpüklənə-köpüklənə, sonsuz nifrətlə, dərin ehtiraslı Feysbukda qopan fırtınanın ortasına düşdük yenə bugün.Şüursuz rəylər, ədəbi aşan statuslar, heç bir əndazəyə sığmayan kəlmələr, əndazədən çıxmış paylaşımlar baş alıb gedir. İnsanlar dəhşətli dərəcədə təhlükəli olublar. Şəkilləri paylaşıb küt düşüncəli istifadəçilərə söydürürlər. Hər gün yeni "günah keçiləri", yeni "suçlu", yeni "nişangah"...
Düşünürəm ki, belə primitiv düşüncə sahiblərini nəinki bir kitabla, dünya ədəbiyyatını yığıb önünə töksən belə, dəyişə bilməzsən. İnsanın "olmazları" bilməməyi böyük fəlakətdir. Anlamaq lazımdır ki, bəzi sualları vermək olmaz! Bəzi sözləri söyləmək olmaz! Bəzi hərəkətləri etmək olmaz! Sənə aidiyyatı olmayan məsələlərə müdaxilə etmək olmaz! "Olmaz" həddini aşmaq olmaz! Beş hərf, bir kəlmə: ol-maz!
Susqunluğun dərinliyinə bələd olanlar bunun nə demək olduğunu çox yaxşı anlayır. Bəzi duyğular, düşüncələr açıq yaranın infeksiya qapması kimidir, dərhal üzə çıxarsa, mikrob qapa bilir. Sükutdan qaçan, susa bilməyən insanın digəri ilə qurduğu münasibət, aralarındakı sərhədlərin tikanlı tellərlə hasarlanmasına bənzəyir. Həmin tikanlı tellər mövcud münasibəti mütəmadi qanadır. Amma hər şeydən, hamıdan qaçıb susqunluğa sığınmaq kimi bir həqiqət var bu həyatda. Bunu bacarmaq gerçək bir özgürlükdür. Ruhun immunitetini gücləndirir. Çoxlarının vaxtı yoxdur - nə dinləməyə, nə susmağa, yəni bu cür incəlikləri anlamağa. Ən çox da bu pozur "qüsursuz" saydığımız insanları. Susmaq gözəldir, sükutun fərqinə varan insan isə sərvətdir. Böyük Usta Şəmsi Təbrizinin dediyi kimi, "Dayaz suları ən xəfif küləklər belə coşdura bilir. Dərin dənizləri isə ancaq dərin küləklər. Anladım ki, dərin və əsrarəngiz olan hər şey susur. Anladım ki susan hər şey dərin və heybətlidir".
Bəzən susmaq, söylənilən bir çox sözdən daha çoxunu ifadə edər. ( Montesquieu)
PS:Hər kəs etdiyi əməllərin gələcəkdəki bədəlini vaxtında vicdanını qarşısına qoyub düşünməli və ya az da olsa küncdə, bucaqda qalan empatiya hissini hərəkətə keçirməlidir. Çünki bu, yalnız insanın özünün özü ilə həll edə biləcəyi məsələdir."Yıxılanı vurmazlar",-deyib atalarımız.İnsanların “yıxılanı baltalamaq” mövqeyi mənə qətiyyən çatmır.Eyni zamanda sözü vaxtında deməyib yıxılandan sonra "Səlib yürüşü" edənləri qəbul etmirəm və onların səmimiyyətinə inanmıram.Sözü zamanında deyənlər həmişə yüksək qiymətləndirilib, xalqın böyük hörmətini, sevgisini qazanıblar.Allah ən böyük hakimdir!!!
Aygül Bağırova