Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) könüllüləri sədr müavini Səyavuş Heydərovla görüşüblər.
Newscenter.az-a qurumdan daxil olan xəbərə görə, Dövlət Komitəsi sədrinin müavini S.Heydərov insanları vahid niyyət ətrafında birləşdirən könüllülüyün həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu bildirib. Vurğulayıb ki, hakimiyyətə gəlişi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibəti kökündən dəyişən və çağdaş ideologiya formalaşdıran Ümummilli Liderin çoxşaxəli irsi, tövsiyələri ali dəyərlərimizin qorunması üçün hər bir gəncin bəhrələnməli olduğu zəngin məktəbdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən din siyasəti çərçivəsində dini radikalizm və beynəlxalq terrorizmin təzahürlərinin qarşısının alınmasında, o cümlədən beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, islamafob meyillərə qarşı mübarizədə dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi üçün uğurlu platforma yaradılıb.
Eyni zamanda, Komitə rəsmisi Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, xalqımızın multikultural, tolerant dəyərləri, o cümlədən milli-mənəvi və dini dəyərlərimizin təşviqi, vətəndaşlarımızın yad dini ideologiyaların, xurafat elementlərinin təsirlərindən qorunmalarının vacibliyindən danışıb. Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilindən sui istifadənin xüsusi rol oynadığını qeyd edib. Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran Səyavuş Heydərov, bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin din və elmin vəhdəti fonunda maarifləndirmə işinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb, müvafiq istiqamətdə Dövlət Komitəsi tərəfindən görülən işlərdən danışıb.
Sonda Səyavuş Heydərov könüllüləri maraqlandıran sualları cavablandırıb.
Mehman