Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki son çıxışı bir sıra məqamlar baxımından diqqət çəkir. Eyni zamanda bir sıra suallar da yaradır. Misal üçün Paşinyan sözlərində nə qədər səmimidir?
Paşinyan çıxışı zamanı qeyd edib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır. O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Prinsip etibarilə, Paşinyanın bu iki ifadəsi iki ölkə arasında 1988-ci ildə başlanmış münaqişədən sonra sülhə ən yaxın vəziyyəti yarada bilər.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır demək qulağa xoş səslənsə də ümumi yanaşmadır. Bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq eyni zamanda Qarabağın da öz müqəddəratını təyin etməli olduğunu iddia edir. Dünyanın bir çox ölkəsində erməni diasporu, lobbisi qondarma “Arsaxın” müstəqilliyi istiqamətində manipulyativ addımlar atır.
Paşinyan çıxışında həm də “Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir” deyir. Bu, büsbütün yalandır. Ermənistanın Azərbaycana ərazi iddiaları olmasa idi, 20 faiz torpağını 28 ildən artıq işğal etməzdi. Digər tərəfdən ermənilərin “Miatsum” hərəkatının əsas məqsədi keçmiş DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq idi. Yəni Paşinyan hər nə qədər desə də ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb, bu inandırıcı deyil. Olub, mümkündür ki, bundan sonra da olacaq. O ki qaldı onun “Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir” sözlərinə bu da həqiqəti əks etdirmir. Məsələ hüquq məsələsi olsa idi, Ermənistan Qarabağı işğal etməzdi. Digər tərəfdən münaqişənin ilk illərində rəsmi Bakı Qarabağ ermənilərinin statusu ilə harada sazlaşırdı. Məsələ hüquqi məsələ olsa idi, ermənilər mədəni muxtariyyətlə və ya münaqişənin ilk illərində aparılan danışıqlar zamanı təklif edilən statusla razılaşa bilərdi.
Paşinyanın sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi, onların hüquq və azadlıqlarının təmin edilməsi və “Dağlıq Qarabağ”ın yekun statusunun aydınlaşdırılması” Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir. Rəsmi Bakı üçün status məsələsi müzakirə predmeti deyil. Bunu dəfələrlə Prezident İlham Əliyev də deyib.
Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı. Bu mənada onun sözləri səmimilikdən çox, məcburiyyətdən irəli gəlir.
Rəsmi İrəvan anlayır ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır. Sülh sazişi ilə Qarabağdan imtina edilməsi də erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğuracaq. Paşinyan buna görə radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq istəyir ki, Azərbaycanla sülh sazişi imzalamağa məcbudur.
Sülh sazişi ilin sonuna qədər imzalana bilərmi?
Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması uzun bir proses kimi görünsə də görünür rəsmi Bakının bu istiqamətdə israrları və Qərbin Ermənistana kompromisə getməklə bağlı təklifləri prosesi sürətləndirəcək.
Paşinyan qeyd edib ki, “Bu gün bizə beynəlxalq ictimaiyyəti açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq - tək Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik”.
Paşinyan bununla faktiki olaraq demək istəyir ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik. Bu həm də iki ölkə arasında yeni bir müharibənin olma ehtimalı haqda səslənən sualın cavabıdır. Yəni Ermənistan tez bir zamanda yekun sülh müqaviləsini imzalamasa Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Bu zaman isə Ermənistan qarşısında təkcə Azərbaycanı deyil, həmçinin strateji müttəfiqi olan Türkiyəni görəcək. Bu həm də iki ölkə arasında bir müddətdir davam edən münasibətlərin, normallaşma prosesinin də bitməsi deməkdir. Paşinyan onu da başa düşür ki, Azərbaycanla yeni bir müharibə zamanı rəsmi İrəvana nə Rusiya, nə də Avropa ölkələri kömək etməyəcək.
İrəvanın himayəsi olmadan Xankəndidəki separatçılar nə edəcək?
Paşinyanın Qarabağın “statusu”nun arxa plana keçdiyi və Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduna dair açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirib.
Paşinyanın son açıqlamaları fonunda separatçıların keçirdiyi bu toplantını İrəvana etiraz kimi qiymətləndirmək olar. Separatçılar bu yolla Paşinyanı “status” iddiasını gündəmdən çıxarmamağa məcbur etməyə çalışır. Ancaq separatçıların bu addımının heç bir faydası yoxdur. Məsələ ondadır ki, separatçıların qarşısında optimal 2 seçim var:
Birincisi, İrəvanın himayəsi olmadığı təqdirdə separatçılar “müstəqilliklərini” elan edə bilər. Belə bir addımı nə Kreml, nə İrəvan, nə Bakı, nə də bu kontekstdə hansısa bir ölkə qəbul etməyəcək. Edən ölkələr də regionla heç bir əlaqəsi olmayan kiçik Latın Amerikası və ya kasıb Afrika ölkələri olar.
İkincisi, separatçılar “Cənubi Osetiya” və ya “Donbask” “Luqansk” separatçıları kimi birbaşa Rusiyaya birləşmək “qərarı” verə bilər. Ancaq Rusiyanın belə bir təklifi qəbul edəcəyini düşünmürəm. Məsələ ondadır ki, Kreml bu addımı qəbul etsə, rəsmi Bakı ilə bütün iplər qırıla bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iki ölkə arasında imzalanan Moskva bəyannaməsinə görə, tərəflər bir-birinin ərazi bütövlüyünə hörmət edir. Moskva müqaviləsi separatçıların Rusiyaya birləşmək tələblərini mümkünsüz edir.
Turan Rzayev-siyasi ekspert