Bataqlığa düşmüşdü insan. Bataqlıq getdikcə onu udurdu. Əli göylərdə qalmışdı. Yapışmağa bir yer də yox idi. Həyatınının sonunun gəldiyini anladı.
Həyatı bir kino lenti kimi gözləri önündən gəlib keçdi. Nə qədər fikirləşdi heç bir kəsə pislik etdiyi yadına düşmədi. Elə bil ki, heç onun şəxsi həyatı olmamışdı. Həmişə başqalarını düşünmüş, hamıya əl tutmağa çalışmış, çətin anlarında dostlarına dəstək olmuşdu. İndi isə təkdir. Təkliyin nə olduğunu anlayır. Ümidi yalnız Tanrıyadır...
Düşünürdü... bəlkə dostlarından kimsə onun darda olduğunu hiss edər, axtarar, dadına çatar, onu buradan xilas edər. Hər halda taleyin işidir, hər şey ola bilər. Amma təəssüf...., o heç kəsin yadına düşmürdü. Elə bil ki, heç bu dünyada yaşamamışdı. Bataqlıq isə onu daha da acgözlüklə udurdu. Çabaladıqca bir az da dərinliyə gedirdi...
“Allahım, bu cəzamı, imtahanmı...?” Axı nədən ? Artıq palçıq qollarına qədər çatmışdı. Kiçik bir tərpəniş... onun varlığına son qoyulacaqdı.
Elə bu zaman qəfil səs eşitdi. Tanımadığı bir adamdı. Onu səsləyirdi.
-Möhkəm ol, qardaş, al, bu budağın ucundan tut. İnsan çox ehtiyatla ona tərəf uzadılmış budağın ucundan yapışdı. Bataqlıq onu buraxmaq istəmirdi. Onu daha möhkəm dərinliyə çəkirdi. Yaşamaq eşqi üstün gəldi, qollarına güc verdi.
Sahildə dayanmış insan isə inamlı idi. Var qüvvəsi ilə onu bataqlığın əlindən xilas etməyə çalışırdı. Nəhayət, yad adam bataqlığa qalıb gəldi. Onu ölümün pəncəsindən xilas edə bildi.
İnsan təşəkkür etməyə belə çatmadı. Çünki həmin adam heç nə olmamış kimi yoluna davam edib getmişdi. Görünür yad adamın buna ehtiyacı da yox idi. O, insanlıq borcunu yerinə yetirmişdi.
Şəcahan Gün