Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb

Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin elmi tədqiqat fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığının genişləndirilməsi davam edir. Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə kənd təsərrüfatının proqnozlaşdırma metodologiyası olan AGMEMOD modelinin (www.agmemod.eu) Azərbaycanda tətbiqi ilə bağlı Almaniya Federativ Respublikasının Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Tünen İnstitutu (Johann Heinrich von Thünen-Institut) ilə əməkdaşlığa başlanılıb.

AGMEMOD aqrar siyasətə dair qərarların qəbulu və bu qərarların təsirini öyrənmək məqsədi ilə yaradılmış çoxsahəli və dinamik riyazi-iqtisadi simulyasiya modeli kimi Avropa Birliyinə üzv olan, həmçinin üzvlüyə namizəd ölkələrin kənd təsərrüfatı sahəsinin proqnozlaşdırılması üçün istifadə olunur.

Aqrar Tədqiqatlar Mərkəzi ilə Tünen İnstitutu arasında əməkdaşlığın ilkin mərhələsi 2021-ci ilin noyabr ayından başlayıb. Belə ki, Avropa Birliyinin dəstəyi ilə Aqrar Tədqiqatlar Mərkəzi Tünen İnstitutu tərəfindən AGMEMOD modelinin proqram təminatı ilə təchiz edilib və İnstitutun ekspertləri tərəfindən Mərkəzin mütəxəssislərinə modellə bağlı təlim keçilib.

2022-ci ilin 13-18 iyun tarixində isə Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsinin proqnozlaşdırılması prosesində AGMEMOD modelindən istifadə ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzi ilə Tünen İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumuna əsasən, Aqrar Tədqiqatlar Mərkəzinin iki əməkdaşına hazırda Tünen İnstitutunda AGMEMOD modelinin Azərbaycanda tətbiqi ilə bağlı intensiv təlim keçilir. Əldə olunmuş razılaşmaya görə, modelin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən tətbiqinə Tünen İnstitutunun metodoloji dəstəyi davam etdiriləcək.

Yeri gəlmişkən, Tünen İnstitutu AGMEMOD modelinin tətbiqi ilə bağlı Avropa Birliyinə üzv olan və üzvlüyə namizəd ölkələrdən başqa Azərbaycan, Argentina və Şotlandiyadan olan mütəxəssislərə metodoloji dəstək göstərir.

Qeyd edək ki, Tünen İnstitutu bu model və digər proqnozlaşdırma alətləri vasitəsilə Avropa Birliyinin, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı üzrə Perspektivə Baxış (EU Agricultural Outlook, OECD-FAO Agricultural Outlook) hesabatlarının hazırlanmasında iştirak edir.

Sevinc
Xəbəri paylaş