Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fındıqçılıq layihəsi çərçivəsində Milli Texniki Komitənin görüşü baş tutub

Fındıqçılıq layihəsi çərçivəsində Milli Texniki Komitənin görüşü baş tutub


“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin Qax rayonunda növbəti görüşü baş tutub.

Newscenter.az xəbər verir ki, sözügedən tədbir Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrini, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət agentlikləri və hökumət nümayəndələri, Agrarco MMC və Azərsun holdinqin nümayəndələrini, beynəlxalq qurumların təmsilçilərini, digər özəl sektor və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərini bir araya gətirib.

Görüşdə fındıq bitkisi genetik ehtiyyatlarının mühafizəsi yolları, nümayiş sahələrində davam edən sahə işləri və fındıqçılıqda biokütlə potensialının qiymətləndirilməsinə dair görülən işlər, həmçinin layihə çərçivəsidnə davam edən digər fəaliyyətlər müzakirə olunub.

“Fındıq istehsalı Azərbaycanın ən vacib kənd təsərrüfatı məhsullarından biridir. Fındıq bitkisi iqlim şəraitinə həssas olduğu üçün becərilməsi yalnız dünyanın müəyyən yerlərində mümkündür. Fındıq istehsahlının daha da dayanıqlı hala gətirilməsi üçün müxtəlif fındıq genetik ehtiyyatlarından istifadə etməli və istehsal zamanı yüksək keyfiyyətli texnologiya və üsullardan yararlanmalıyıq. Fındıq genetik ehtiyatlarının qorunub saxlanılması və dayanıqlı hala gətirilməsi bu məhsulun keyfiyyətli istehsalına da uzun müddətli zəmin yaradacaq.” görüşdə təqdimatla çıxış edən FAO-nun Kənd Təsərrüfatı üzrə mütəxəssisi Bonnie Furman qeyd edib.

“Azərbaycanda fındıq yetişdirilən ərazilər torpaq şəraiti baxımından olduqca əlverişlidir.” Beynəlxalq Çoxillik Əkin Sistemləri üzrə beynəlxalq mütəxəssis Ümit Sərdarın sözlərinə görə hazırda fındıq yetişdirilən ərazilərin orqanik təsərrüfat bölgəsi elan edilməsi müzakirə oluna bilər.
“Ölkədə ən çox yetişdirilən “Atababa” sortunun qabığı digər sortlardan bir qədər qalındır və bu hal məhsuldarlığın, yəni daxili hissənin, yəni ləpənin nisbətinin azalmasına səbəb olsa da, aflatoksinlə mübarizədə böyük rol oynayır. Layihə çərçivəsində fındıq budaması, təmizlənməsi praktiki təlimlərini həyata keçirdik, düşünürəm ki bu təcrübələr fındıqda məhsuldarlığın və keyfiyyətin artmasına müsbət təsir göstərəcək” mütəxəssis öz nitqində qeyd edib.

Qeyd edək ki, Milli Texniki Komitə əsasən kiçik təsərrüfatlara diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Komitə üzvləri dövlət, özəl və qeyri-dövlət təmsil edir.

Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir və Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarını (əsas fındıqçılıq rayonları – Balakən, Qax, Zaqatala, Xaçmaz, Oğuz və Qəbələ rayonlarını) əhatə edir. Layihənin əsas məqsədi fərqli texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik təsərrüfatlarda qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır.

Sevinc
Xəbəri paylaş