Ağdaş şəhəri ərazisində yerləşən anbarların birindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən icarə əsasında işlətdiyi həmin obyektdən ümumi dəyəri 4700 manat olan spirtli içkilərin oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynov saxlanılıblar. Onlar əməllərini etiraf ediblər və oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.
Şəhər ərazisində digər bir oğurluq isə mağazadan edilib. Obyektin qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zaman ərzində cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.
R.Muradlı saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində onun bu cəhdinin qarşısı alınıb və tutularaq istintaqa təhvil verilib. Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.