Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Allahşükür Paşazadə Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraq Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Şahvan Abdullah Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, səmimi şəraitində keçən görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışıldı. Bu münasibətlərin bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə dərinləşməsinin vacib olduğunu deyən Şeyxülislam A. Paşazadə bu istiqamətdə hər zaman səy göstərdiyini və Azərbaycan dövlətinin bu sahəyə diqqət ayırdığını bildirdi. QMİ sədri istər siyasi, istər iqtisadi, istərsə dini-mənəvi, mədəni əlaqələrin öz müsbət bəhrəsini verəcəyinə əmin olduğunu bildirdi və Uca Allahdan İraq xalqına və dövlətinə sülh, səadət və tərəqqi dilədi.

İraqlı ali qonaq qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycanın dini liderini ziyarət etməyi şərəf saydığını bildirdi. Azərbaycanda keçirdiyi görüşlər barədə Şeyxülislam A. Paşazadəyə məlumat verən cənab Əhmədi ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açdı. İraq rəsmisi İraq xalqının hər zaman dost, qardaş Azərbaycan xalqının yanında olduğunu qeyd etdi, işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə aldığı məlumatlardan, burada İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işləri barədə xəbərlərdən şad olduqlarını qeyd etdi.

Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparıldı, Azərbaycan və İraq arasında dini ziyarətlərin təşkili məsələsinin xalqlarımız arasında mövcud mənəvi bağların genişləndirilməsi yönündə böyük əhəmiyyətindən danışıldı. Dini ziyarətlərin təşkilində Qafqaz Müsəlmanları İdarəsinin başlıca rolu qeyd edildi, dini ziyarətlərin yüksək səviyyədə təşkilinə dair zəruri işlərdən danışıldı. Şeyxülislam A. Paşazadə dini mərkəz olaraq QMİ-nin dini ziyarətlərin yüksək səviyyədə təşkili üçün bütün zəruri fəaliyyətləri həyata keçirməyə hazır olduğunu və Azərbaycandakı müqəddəs İslam məkanlarına da zəvvar səfərlərin qarşılıqlı şəkildə yerinə yetirilməsi vacibliyinə diqqəti çəkdi.

Görüşdə İraqın Azərbaycandakı səfiri iştirak etdi. Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.

Mehman
Xəbəri paylaş