Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması bu nüfuzlu qurumun institusional inkişafına xidmət edir”

Deputat Jalə Əhmədova: “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması bu nüfuzlu qurumun institusional inkişafına xidmət edir”


İyunun 30-dan iyulun 2-dək ölkəmizdə keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı və bu tədbirdə Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.

Madriddə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması və onun Bakıda keçirilən konfransı ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır, desək, yanılmarıq. Çünki Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri qurmağa kömək edəcək.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması Azərbaycan tərəfindən irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs isə Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması isə ölkəmizə olan böyük hörmətin və fəaliyyətimizə verilən qiymətin təzahürüdür.
Çünki Azərbaycan Bandunq prinsiplərinin təşviqinə öz töhfəsini verməyə çalışan ölkədir. Azərbaycan Bandunq prinsiplərini ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edir. Ona görə ki, əgər ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik baş verməzdi.

Ermənistan-Azərbaycan münaqişəsi də təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi.

Nəticədə 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Amma əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə sülh yolu ilə də həll edilə bilərdi. Təəssüf ki, heç bir sanksiya tətbiq edilmədi və Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəklədilər. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatları, Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyindən danışarkən, qeyd etmək lazımdır ki, Azərbaycan pandemiya dövründə bir sıra ölkələrə maddi yardım və humanitar dəstək göstərdi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa olaraq ayrıldı.

Azərbaycan həm də peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biridir. Peyvənd millətçiliyinə qarşı mübarizəmiz digər ölkələr tərəfindən də dəstəkləndi.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı bundan sonra da mübarizə aparmağa davam edəcək.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslərin məqsədi həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirmək və bu təsisatın institusional inkişafına nail olmaqdır.

Jalə Əhmədova- Milli Məclisin deputatı
Xəbəri paylaş