Bu gün Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı və Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənclərin sülh quruculuğu təşəbbüslərində iştirakı” mövzusunda təlim Bakı şəhərində yerləşən AF oteldə öz işinə başlayıb.
Newscenter.az xəbər verir ki, təlimin açılışında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir cənab Zoltán HERNYES, təlimin təşkilatçısı və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov və layihənin eksperti Pərvanə Məmmədova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihə haqqında məlumat verərək bildirmişdir ki, layihənin əsas məqsədi gənclərin sülh mədəniyyəti və sülh quruculuğunda iştirakını artırmaq və öz icmalarında gənclərin sülh quruculuğu təşəbbüslərini dəstəkləməkdir. Təlim zamanı gənclərə öz icmalarında necə sülhə nail olmaq, gender və münaqişələr, onların həllində vasitəçilik bacarıqları, mədəniyyətlər-arası dialoq kimi mövzularda məşğələlər və sessiyalar keçiriləcək. Təlim zamanı gənclərə necə sülh qurucusu olmaq mümkündür və icma ilə işin qurulması, sülh dəyərləri və mədəniyyəti və insan hüquqları kimi ali dəyərlərin cəmiyyətdə təbliği kimi mövzularda müzakirələr aparılacaq.
Layihənin gerçəkləşməsinə görə öz təşəkkürünü bildirən Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir cənab Zoltán HERNYES sülh quruculuğu mövzusunda layihələrin önəmini vurğulamışdır. Geniş məzmunlu nitq söyləyən cənab səfir bildirmişdir ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqları azad etdikdən sonra bölgədə sülhün qurulması çox vacibdir və beynəlxalq təşkilatlar bu istiqamətdə öz səylərini davam etdirirlər. Bu baxımdan gənclərin yaşadıqları cəmiyyətlərdə və icmalarda sülh quruculuğunda fəal iştirakı və icmalarında bu işi davam etdirməsi çox önəmlidir.
Daha sonra layihənin eksperti və təlimçisi Pərvanə Məmmədova təlim haqqında iştirakçılara geniş məlumat vermişdir.
Daha sonra təlim müxtəlif sessiyalarla öz işini davam etdirməyə başlayıb. Bu günkü sessiyanın qonağı Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri cənab Əhməd Əlilidir. Əhməd bəy gənclərlə mövzu üzrə interaktiv müzakirə keçirəcək. Qeyd edək ki, təlim qeyri-formal təhsil metodlarından istifadə edərək keçirilir və gənclər simulasiya oyunları və işçi qrupları vasitəsi ilə sülh quruculuğu, münaqişələrin həlli və vasitəçilik kimi mövzularda bacarıqlarını sınayacaqlar. Qarşıdakı günlərdə gender və münaqişələr və münaqişələrin həllində medianın rolu kimi mövzularda müzakirələr aparılacaq. İştirakçılar əsasən münaqişədən zərər görmüş bölgənin nümayəndələri olan 30 nəfər gənclər və gənc liderlərdir.
Mehman