Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə imperiyanın bir çox cinayətlərini, xüsusilə də onun "milli siyasətində" olan diskriminasiyaları yenidən gündəmə gətirdi. İstənilən müharibə belədir ki, o, təkcə ordudakı deyil, həm də cəmiyyətdəki ağrılı nöqtələri, yaraları, xəstəlikləri üzə çıxarır.
Elə həmin səbəbdən də Putin Rusiyası imperiyanın iç üzünün açılacağını bilərək Ukraynaya təcavüzlə bağlı informasiya məkanını tam nəzarətə götürdü, söz və ifadə azadlığını təkcə praktiki addımlarla deyil, həm də hüquqi mexanizmlərlə heçə endirdi. Moskvada işğalçı müharibənin daxili fəsadlarının olacağını bilirdilər.
Ona görə də Putin rejiminin cinayətlərini bütün çılpaqlığı ilə ictimailəşdirmək faktiki qeyri-mümkündür. Amma bütün məhdudiyyətlərə baxmayaraq fədakar insanların sayəsində həmin cinayətlərin ən müxtəlif aspektləri bütün dünyaya əyan olur. Belə cinayətlərdən biri də rus faşizminin milli ayrı-seçkilik siyasətidir.
Dünyanın "ikinci ordusunun" Ukraynada verdiyi ağır itkilərin bütün vasitələrlə gizlədilməsinə rəğmən belə məlumatlar artıq üzə çıxmaqdadır. İlk növbədə də Ukraynada öldürülən rusiyalı hərbçilərin etnik tərkibi haqda məlumatlar. İlk belə araşdırmanı hələ bir ay əvvəl BBC-nin rus xidməti dərc etmişdi. Link şərhdə.
Həlak olanların etnik tərkibinə görə öndə Dağıstan Respublikası gedir. Onun əhalisi Rusiya əhalisinin 2% təşkil edir və ölkə üzrə 11-ci yeri tutur. İtkilərin sayına görə kinci yeri isə Buryatiya Respublikası tutur, halbuki onun əhalisi cəmi 982 min nəfər (0,7%) civarındaır və Buryatiya əhali sayına görə ölkənin 54-cü yerdə olan inzibati vahididir.
Həlak olan dağıstanlıların əksəriyyəti respublikada mütləq çoxluq təşkil edən yerli xalqların nümayəndələri olsalar da, Buryatiyada situasiya tamamilə fərqlidir. Belə ki, yerli xalq olan buryatlar respublika əhalisinin cəmi 1/3 təşkil etsələr də Ukraynaya qarşı müharibəyə cəlb olunanların mütləq əksəriyyəti məhz onlardır.
Buryatiyanın itkilərilə bağlı vəziyyət Dağıstanın itkilərilə müqayisədə həm də onunla fərqlənir ki, Şimali Qafqaz respublikasında nümayiş etdirilən susqunluqdan və psevdopatriotizmdən fərqli olaraq Buryatiyada öz xalqının nümayəndələrinin məhv edilməsini dünyaya çatdırmağa çalışan xeyli fəallar var.
Onlardan hüquq müdafiəçisi, "Azad Buryatiya" fondunun prezidenti Aleksandra Qarmajapovanı, jurnalist Yevgeniya Baltatarovanı və digər buryat fəalları göstərmək olar. Onlar buryatların kütləvi şəkildə Ukraynaya qarşı təcavüzkar müharibəyə cəlb olunmasını dərindən araşdıraraq öz xalqlarının səsini dünyaya çatdıra biliblər.
Amma bununla da kifayətlənməyərək buryatların düşüdükləri kolonial vəziyyətin səbəblərini da bütün çılpaqlığı ilə üzə çıxarmağa nail olublar. Əsas səbəblər kimi də zəngin təbii sərvətlərə (qızıl, uran, sink, antasit və s.) malik olan Buryatiyanın həyatın keyfiyyətinə görə Rusiyada sonuncu yeri tutması və... assimilyasiya göstərilir.
Sərvətlərin talanması ilə bağlı hər şey aydındır. Putin kleptokratiyası ölkənin bütün regionlarını amansızcasına talamaqdadır, amma buryatların assimilyasiyasının tarixi kökləri var. Düşünürəm, onları bilmək və öyrənmək bizim üçün də təkcə maraqlı deyil, həm də ibrətamiz olardı. Həm də bir çox əlamətlərilə xeyli tanış gələrdi.
Beləliklə, keçən əsrin 20-ci illərindən başlayaraq Buryatiyanın inzibati statusu azı 8 dəfə dəyişdirilib. Maraqlıdır ki, eyni proses hətta SSRİ dağılandan sonra da davam edib. 2018-ci ildən isə (təkcə Buryatiyada deyil) yerli xalqların dilində təhsilin fakultativ olması barədə müvafiq hüquqi aktlar qəbil edilib.
Amma artıq onadək buryatların 70% öz dillərində danışa bilmirdilər və bu dildə danışmaq gerilik əlaməti, "kəndçilik" sayılırdı. Buryatlar və digər Sibir xalqları haqda alçaldıcı lətifələr qoşulur, yayılırdı. Bundan başqa işə götürmələrdə rus adları daşıyanlara üstünlük verilirdi. Tanış gəldi, elə deyilmi?
Buryatiyanın iqtisadi inkişafdan qalması cinayətkarlığa (Rusiyada ilk yerlərdən birini tutur), alkoqolizmə, işsizliyə yol açırdı və beləliklə də buryatların yeganə nicat yolu kimi kontrakt əsasında hərbi xidmətə getmək qalırdı. Bu gün bunun ağır nəticələri özünü Moskvanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə göstərməkdədir.
Rusiya müstəqil olduqdan sonra isə bütün bu siyasət açıq şəkildə, o cümlədən də Kremlin nəzarətində olan federal kanalların informasiya dəstəyilə davam etdirilir. Həmin kanalların efiri buryatları alçaldan reportajlar, "lətifələr" və "zarafatlarla" doldurulur. Bu, siyasət xüsusilə 2014-cü ildən sistemli xarakter alır.
Bəli, Rusiyanın Ukraynaya qarşı başlatdığı hibrid müharibə ilə paralel olaraq. Bu gün məhz onun nəticəsidir ki, buryatlar xalq kimi fiziki olaraq məhv edilirlər və buna qarşı etirazları aradan qaldırmaq üçün məqsədli şəkildə onların qəddar və vəhşi obrazı yaradılır. Məsələn, Buçada qəddarlıq edənlərin əsasən çeçenlər və buryatlar olduğu haqda çoxsaylı məlumatlar dövriyyəyə buraxılır.
Həmin məlumatları rahatlıqla həzm edərək buryat xalqının məhv edilməsinə susanlar isə sadə bir həqiqəti nəzərdən qaçırırlar: işğalçı Rusiya ordusunun tərkibində nəinki buryat, ümumiyyətlə heç bir digər etnik hərbi birləşmə yoxdur. Çeçenlər, daha doğrusu Kadırovun cinayətkar dəstələri istisna olmaqla.
Bəs buryatların belə sistemli məhv edilməsinin səbəbləri nədir? Səbəblərin ən başlıcası ləngər vurmaqda olan imperiyada onların öz sərvətlərinə sahib çıxa bilmək ehtimalı, digər səbəb isə tarixdir. Buryatiyanın inzibati statusunun yuxarıda qeyd etdiyim kimi tez-tez dəyişdirilməsinin əsas səbəbi milli elitanın və zəngin tarixin mövcudluğu olub.
Hələ keçən sərin 20-30 illərində buryat elitası "panmonqolist" ittihamı ilə kütləvi şəkildə məhv edilib. Amma bu, heç də xalqın genetik yaddaşının silinməsini iddia etməyə əsas vermir. Odur ki, sabahkı mümkün ağır gün üçün imperiya işini indidən görür. Bir xalqı, əslində isə istila etdiyi bütün xalqları öncədən məhv edir.
Təəssüf doğuran budur ki, müstəqil ölkə olmağımıza rəğmən Rusiya şər imperiyası eyni siyasəti bizə qarşı bu gün də davam etdirməkdədir. Bu gün Rusiyanın 5-ci kolonunun dəstəyi ilə yeni nəsil agentura şəbəkəsi qurulur, həmin şəbəkəyə dövlətin resursları hesabına geniş imkanlar yaradılır.
Bir rus agentinin saytında digər rus agentləri üçüncü rus agentlərinə mədhiyyələr dərc edərək onları azərbaycanlılara az qala ali insanlar kimi təqdim edirlər. Yeri gəlmişkən, MM-in birinci vitse-spikeri Adil Əliyevin bu günlərdə 5-ci kolonla bağlı dediklərindən sonra yəqin ki, bu kəlməni skeptik qəbul edənlər əvvəlki qədər deyil. Hər halda bu, yüksək dövlət rəsmisinin mövqeyi idi və fərdi təşəbbüs deyildi.
Azərbaycanla Rusiya arasındakı münasibətlərdə son günlər yaşanan və artacağı qaçılmaz olan gərginlik bizi bir daha iki addımı təcili atmağa məcbur edir: 5-ci kolonu ləğv etmək və onu yaradan səbəbləri aradan qaldırmaq. İlk növbədə də rus dilində təhsili. Rus dilində pulsuz təhsil yalnız ölkənin rus vətəndaşları üçün olmalıdır.
Qalan insanlar isə övladına rusca təhsil vermək istədiyi halda pullu məktəblərə müraciət etməlidir. İngiliscə və türkcə təhsil verən məktəblərdə olduğu kimi. Azad olunan resurslar isə ölkədə yaşayan digər xlaqların milli dildə təhsilinə yönəldilməlidir. Heç kim deməsin ki, bu, ölkədə etnik separatizmə şərait yaradacaq.
Belə iddiaların heç bir əsası yoxdur və etnik separatizmə şərait yaradan əsas səbəb (kənardan təhriklərdən savayı) diskriminasiyadır. Bunun da müxtəlif ölkələrin təcrübəsindən onlarla nümunəsi var. Əgər ləzgi dilində dərslər üçün bütöv bir məktəbin cəmi bircə köhnə dərsliyi varsa, buna görə həmin uşaqlar ölkəni sevməyəcəklər.
Elə Buryatiyada olduğu kimi. Son günlər Ukraynadakı təcavüzkar müharibəyə göndərilən buryatlar arasında orduda xidmətdən imtinalar, fərarilik halları kütləvi hal alıb, Buryatiyanın özündə isə ictimai etirazlar baş qaldırmaqdadır.
Əslində elə bu da gözlənilən idi.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri