Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı süjetin yer alması bugünlərdə cəmiyyətdə "Elmlər Akademiyası ləğv olunsunmu" səpkisində müzakirələrin yenidən aktuallaşmasına səbəb olub. Biz demək olar ki, hər iki-üç ildən bir ölkədə bu mövzuda kəskin diskussiyaların şahidi oluruq. Lakin həmin diskussiyalar bir müddətdən sonra səngiyir, mövzu da öz aktuallığını itirir, AMEA sistemində isə heç bir dəyişiklik, yenilənmə baş vermir və yaxud da ki, bu nəhəng elm mərkəzinin ləğv edilməyə başlanmasını görmürük.
AzTV-nin AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlərin əks olunduğu məlum süjetdən sonra Akademiyanın fəaliyyətində hər hansı bir dönüş başlayacaqmı və yaxud, bu strukturun ləğvinə start veriləcəkmi - bu gün bu barədə də hər hansı bir qəti fikir söyləmək mümkün deyil.
Ancaq məhz həmin süjetin yayımlanmasından sonra, "AMEA ləğv olunmalı, onun bazasında bir neçə universitet yaradılmalıdır", deyə ənənəvi təkliflə çıxış edənlərin sayı əvvəlki illərlə müqayisədə indi biraz da artıb. Əlbəttə, AMEA-nı ləğv etmək çox asandır. Bunu bir sərəncamla necə deyərlər, bir göz qırpımında reallaşdırmaq mümkündür. Eyni zamanda Şuşada, Ağdamda və hətta Xocalıda, Xankəndidə də universitetlər açmaq mümkündür. Ancaq Qarabağın və Şərqi Zəngəzurun müxtəlif şəhərlərində gələcəkdə açıla biləcək universitetlərin AMEA-nın ləğvi və ya saxlanması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bunlar tamam fərqli məsələlərdir.
Zənnimcə, biz hazırkı mərhələdə "Elmlər Akademiyası ləğv olunsunmu" sualına optimal cavab axtararkən ilk növbədə Akademiyanın ləğv edilməsinin bizə nə verəcəyi və ya hansı fəsadlara səbəb ola biləcəyinə tam aydınlıq gətirməliyik. Həmçinin, akademiya sistemini qoruyub saxlayan ölkələrlə, yerli akademiyaları ləğv edən ölkələrin yaxşı-pis təcrübələrini də mütləq və mütləq nəzərdən keçirməliyik.
Sadəcə, AMEA-nı ləğv etməklə və onun bazasında bir neçə elmi-tədqiqat institutu və ya universitetlər yaratmaqla hər şeyin yoluna düşəcəyini və elm-təhsil sferasında dərhal böyük bir canlanmanın baş verəcəyini düşünməyimiz sadəlövhlük olardı. Bu sahədə hər şeydən öncə uzunmüddətli köklü islahatların aparılmasına ciddi ehtiyac var. Həm də elmə, elmi-texniki tərəqqinin perspektivlərinə münasibətimiz kökündən dəyişməlidir. Ortaya yeni yanaşmalar qoymalıyıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri