Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “Ölkəmizdə yeni iş yerlərinin açılması prosesi daim davam etdirilir”

Deputat Jalə Əhmədova: “Ölkəmizdə yeni iş yerlərinin açılması prosesi daim davam etdirilir”


Bir neçə gün əvvəl avqustun 12-də cənab Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfərinin yekununda Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə bir sıra mühüm mesajlarla yadda qaldı.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, cənab Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər zamanı ölkə başçısı son illər ərzində bütün bölgələrdə daha geniş vüsət almış quruculuq-abadlıq işləri ilə yaxından tanış olur, aparılan işlərə nəzarəti bilavasitə özü həyata keçirir.

Qeyd etmək yerinə düşər ki, bölgələrimizdə qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı nəhəng layihələr icra edilmişdir. Hazırda İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı da böyük işlər görülüb və görülür. Həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmiş, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı da böyük işlər görülüb. Ölkəmizin qədim kəndlərindən biri olan Basqalda 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməklə yanaşı, 300-ə yaxın iş yeri açılması deməkdir. Bu isə yerli sakinlərin işlə təmin olunmasına böyük töhfədir.

Ölkəmizdə yeni iş yerlərinin açılması prosesi daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına dəstək olmaqla yanaşı, insanları 200-ə yaxın yeni iş yeri ilə təmin edəcək. Özəl sektor üçün yaradılmış şərait, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir.

Hazırda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam edir. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində bu rəqəmlərin yüz faiz səviyyəsinə çıxması gözlənilir. Özümüzü buğda ilə təminetmə əmsalı isə Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Bu məqsədlə xüsusi proqramın işlənib hazırlanması və yeni növ subsidiyaların tətbiqinə başlanması təqribən 3-4 il ərzində bu göstəricini daha da artırmağa imkan verəcək.

Hazırda işğaldan azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək olacaq. Çünki azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var.

Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində son günlərdə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər barədə də danışdı və Ermənistana mühüm mesajlar verdi. Ölkə başçısı bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq.

Ölkə başçısı bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Cənab Prezident müsahibəsində onu da vurğuladı ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdırlar. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş