Hər gün gələn Şəhid xəbərləri canımızı acıtsa da, Ordumuzun əzəməti bizi qürurlandırsa da, ölkənin siyasi durumu qürurdan və məntiqdən bir o qədər uzaqdır.
Bir tərəfdən siyasi partiyaların çox ciddi ideoloji böhran içində olması, digər tərəfdən tarixi dövlət ənənəsinin olmaması ölkənin siyasi meydanında bərbad bir tablo yaradıb. Dövlət yaratmaq çox çətin bir prosesdir. Sadəcə ad elan etməklə olmur bu işlər. Millətin intellektual potensialı, siyasi təfəkkürü və xarici təhdidə, düşmənə qarşı mübarizə əzmi olmalıdır. Bizim xalqda bu keyfiyyətlər varmı? Var!
Bizim xalq həm "Torpaq uğrunda ölən varsa, vətəndir", - deyir, həm də "İnsanlara hürriyyət, millətlərə istiqlal!”, - hayqırır. Müstəqilliyi uğrunda canından keçir, 1937-də ideologiyası uğrunda aydınlarının başı kəsilir. Ağır, əzablı və şərəfli yol keçərək, dövlət qurur. Lakin bütün bunlara rəğmən, yaşadığımız coğrafiya həm də Anadolu türkləri demiş "kaderimiz" olduğu üçün ölkənin siyasi cameəsinin durumu heç də ürəkaçan deyil.
Millət-dövlət, azadlıq, demokratiya, milli hakimiyyət və milli kimlik mövzusu siyasi, ideoloji, tərbiyəvi əhəmiyyətə malikdir.
Mövcud hakimiyyət illərdir, siyasi cameədə uğurlu bazar açaraq, "siyasi institut" anlayışını məhv etdi.
Avtoritar mahiyyətləri imkan vermədi ki, müxalifətin dövlətin strateji sütunu olduğunu anlasınlar. Başa düşmədilər ki, müxalifət demokratik cəmiyyət üçün nəfəs borusudur, inkişafın dinamikasını təşkil edən alətdir.
Əllərindən gələni etdilər ki, ölkədə normal tənqid üzərində rəqabət yaradıb, fəaliyyət göstərən, bəlli maddi qaynaqlara malik müxalif partiya olmasın. Azərbaycan müxalifəti “satılmışlara”, “xainlərə” və müxalifətin bu duruma düşməsi səbəbindən hakimiyyətə nifrət qusan tərəflərə bölündü. Maddi, sosial problemlərə və təzyiqlərə dözməyib tərəf dəyişdirən, "millət vəkili" kimi yüksək kürsülərə yiyələnənlər aydın idi. Bəzən hakimiyyətlə anlaşa bilməyib, tərəf dəyişdirənlər də oldu. Bunlar da "xainlər” qrupunda yer aldılar.
Məhz dövlət anlayışına yanlış yanaşmanın nəticəsində ölkədə ya iqtidara işləyən partiyalar yaradıldı, ya da siyasi partiyalara düşmən gözü ilə baxıldı.
Elə bir toplum formalaşdırdılar ki, “ancaq söy, aqressiv ol, səni bəyənim”, - deyir. “Amma nə olursa olsun, düşündürəcək bir şey demə! İlham Əliyevin adını çək, söy, ol "müxalifət". Amma bax, bu yazını yazma, düşündürəcək, doğru yola çəkəcək fikir dartışmasına dəvət eləmə!” Və toplumun aktiv hissəsinin bu cür düşünməsində ən böyük işi müxalif siyasi partiyalar gördü. Siyasi hakimiyyəti söyməyi demokratiya uğrunda savaş kimi qəbul etdirdilər.
Elə hakimiyyətin də əsas məqsədi bu idi: Xalq düşünməsin, aktiv siyasətlə məşğul olmasın. Siyasətlə məşğul olanlar isə cəmiyyətdə danışıq və hərəkətləri ilə gülüş doğursun. Davranışları ilə hakimiyyətə alternativ kimi görünə bilməsinlər. Hakimiyyət tənqid olunacaqsa, bunu xalqın içində nüfuzu olan kəslər deyil, əksinə, heç bir nüfuzu olmayan şəxslər etməlidir.
Bu oyuna gəlməyən digər kəsimi isə passiv siyasətə cəlb etməyin yolu xalqın başını sosial-iqtisadi problemlərindən qaldıra bilməməsini təmin etməkdə gördülər.
Hakimiyyətin siyasəti budur ki, Azərbaycan insanı maliyyə azadlığı əldə edə bilməsin, düşünə bilməsin, daim hökumətin qəpik-quruşuna möhtac qalsın...
Yəni anlayacağınız, bir tikə çörək verirlər ki, hər gün onu da itirmək təhlükəsini xatırlayaq!
Yaxşı, bəs bizim məqsədimiz nədir? Biz - yəni yeni siyasi qüvvələr. Klassik siyasi düşərgənin təmsilçiləri kimi bir tikə çörəyə möhtac olan xalqı söyüş taktikası ilə qorxudub, dəyişim prosesindən çəkindirməkmi? Axı, biz siyasət adamları yaxşı bilirik ki, xalqda nifrətə və şiddətə yönəlik istənilən dəyişiklik qorxu ilə assosiasiya olunur. Buna görə də xalq uzun illərdir, siyasi taleyinə etinasızlıq göstərir. Bəs, ölkənin siyasi partiyaları bu etinasızlığı ortadan qaldırmağa çalışan hansı fəaliyyəti göstərir?
Əksinə, təhqir və nifrət qusmaqla bu sistemin işinə yarayırıq. Çünki Azərbaycan xalqı mayası nifrətlə yoğrulmuş dəyişikliyi rədd edir.
Həm də bu səbəbdən Azərbaycan müxalifəti son 20 ildə güclənmək əvəzinə zəiflədi.
Düşdüyümüz bu nifrətin içindən çıxmalıyıq, çıxmağa məcburuq. Biz bu çəmbərdən çıxmağın yolunu cəmiyyətin baxışlarının yenilənməsində görürük. Hakimiyyətin hansı rejimi ifadə etməsindən asılı olmayaraq, strateji ağıl və siyasi zəka söyüşsüz, şiddətsiz, nifrətsiz münasibətlər sistemi tələb edir. Başqa cür 30 ildə Azərbaycan hakimiyyəti ilə müxalifətinin böyük bir hissəsinin əl-ələ verib, beşiyində boğduqları siyasi institutları bərqərar etməyimiz, yeni siyasi ab-hava yaratmağımız mümkün deyil.
Müxalif siyasi partiyalar anlayışı, siyasi birliklər sahəsində zəruri olan dəyişikliklərin edilməsi həm də milli təhlükəsizlik məsələsidir. Dövlətin milli təhlükəsizlik konsepsiyasına birbaşa aiddir.
Siyasi partiyanın funksiyası sadəcə tənqid deyil, həm də təftiş etməkdir.
Lakin bu təftiş digər siyasi təşkilatların fəaliyyəti üzərində deyil, cəmiyyətdəki boşluqlar üzərində aparılmalıdır. Özəlliklə ideoloji boşluqlara diqqət yetirilməlidir.
Son hadisələrdə şəhidlərimiz haqqında deyilən "ölən kasıbın balasıdır" kimi təhlükəli yanaşmanı tək görən biz deyildik. Bunu dost olan və olmayan ölkələr də görürdü. “5-ci kolon” deyilir. Kimdi “5-ci kolon?” Və ya potensial “5-ci kolon” kimdi?
Açıq deyirəm: hər bir Azərbaycan vətəndaşının “5-ci kolon”un toruna düşmək təhlükəsi var. Şəhid dəfnləri buna ən acı və ürəkdağlayan örnəkdi. “Vay Hüseyn”, - deyib ara qatan bir qrup İran agenti açıq-aydın ortalardadır. Fərqində olmadan onlara qoşulan yüzlərlə gənc ola bilər. Bu, real təhlükədir.
Ölkədə işsizliyin əhatə etdiyi ən böyük yaş qrupu gənclərdir. Marketlərdə, restoranlarda uzun saatlı və aşağı maaşlı işlərdən başqa heç bir perspektivi olmayan gəncin din pərdəsi altında fəaliyyət göstərən, “şəhidə ən çox canı yanan", “ölən kasıbın balasıdır”, “vay Hüseyn” deyib fəryad edən agentlərin təsirinə düşməsi çox asandır.
İllərdir, deyirik: Şəhid və dövlət əhəmiyyətli digər dəfn mərasimləri, ziyarətlər uyğun protokolla tənzimlənməlidir. “Buna nə gərək var?” düşüncəsi ilə üzümüzə baxırdılar. İran agenturası həyasızcasına işi qarışdırandan sonra belə qərara gəliblər ki, protokol tətbiq edilsin. Axı, nə qədər demək olar, örnək modelləri öyrənin ki, təşəbbüs göstərə biləsiniz?!
Baxın, Türkiyəyə. Orada dövlət adına nə qədər müsbət prosedurlar varsa, buraya inteqrasiya edin. Şəhid dəfni dövlət səviyyəli prosedurdur. Bu səbəbdən protokol tədbiq edilməli idi.
Lakin iş bununla bitməməlidir. Ölkədə siyasi arenadakı ideoloij xaosun nəticəsidir ki, Şəhid qardaşının mənbəyi məlum olmayan videosu bu qədər hiddət doğurdu. Bəlkə də həqiqətən güc strukturlarının bu videodan xəbəri yoxdur. Bəlkə də “5-ci kolon” öz işini gördü.
O zaman daha təhlükəli bir sual çıxır: kim uğurla Şəhid adından istifadə edib, ortalığı qarşdırır?
Baxın, bütün bu olaylar ölkənin suverenliyi real təhlükə altında olarkən baş verir. Ordu Ermənistanla sərhəddə qlobal güclərin çözməyə çalışdığı, razılığa gələ bilmədiyi düyünü qanı ilə, canı ilə açarkən, ortaya yeni şüar atılır: "Kasıbın balasını aparıb öldürüsünüz".
Cəmiyyətdə çaşqınlıq yaradırlar. Əlbəttə bəllidir, bu şüarların haradan qaynaqlandığı...
Şəhid hər bir azərbaycanlının ən həssas yeridir, “sarı simi”dir. Toxunan kimi qanayır. “Vay Hüseyn” deyənlər də, “kasıb balasını boşuna öldürürlər” deyənlər də, daha doğrusu, bunu dedizdirənlər də bizim bildiyimizi bizdən yaxşı bilirlər. Diqqət edin. Dünən və bu gün ABŞ siyasi iyerarxiyasının 3 nömrəsi, italyan əsilli və kaliforniyalı, 82 yaşlı Nensi Polosinin İrəvana səfəri və bu səfərə olan münasibət bir daha göstərdi ki, Azərbaycanda hələ də siyasi məsələrə baxışla (demokratiya, azad seçki) milli məsələlərə münasibət arasında ciddi siyasi naşılıq var. Yenə də qardaşımızdan öyrənək. 2020-ci ilin 25 sentyabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Nensi Polosiyə "Twitter" üzərindən maraqlı bir çağırışı var: "Siz türk xalqına hörmət etməyi öyrənəcəksiz".
Çox böyük ehtimallƏ bizim bəzi siyasət adamlarının bundan xəbəri yoxdur.
Xanımlar və bəylər!
Bizə demokratiya nəfəs kimi, hava və su kimi lazımdır.
Bunun yüzlərlə səbəbi olsa da, bir tək səbəb yetər: Demokratiya qəddar və əxlaqsız tiranların hökmranlığına yol vermir. Demokratiya vətəndaşlara qeyri-demokratik quruluşların vermədiyi və heç vaxt verə bilməyəcəyi əsas hüquq və azadlıqları verir.
Amma milli kimlik və milli şüur olmayan yerdə demokratiya və azadlıq fikrinin irreal göründüyünü qeyd etməliyik. Məncə anlada bildim.
Bax, buna görə də siyasi institutların əhəmiyyəti haqqında bu qədər uzun yazmaq məcburiyyətindəyik və hakimiyyətə də bir daha izah etməyə çalışır, təkrar-təkrar deyirik ki, siyasi partiyalar dövlətin strateji sütunudur. Bunu artıq görə bilin.
Cəmiyyətdə hörməti, arxasında gücü olmayan iş bacarmazlardan müxalifət obrazı yaratmağın sonu siyasi və ideoloji fiaskodur.
Ölkə siyasi reformlara getməlidir. Siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılmalıdır, amma ideoloji proqramı, məramı və fəaliyyəti olanlara bəlli bir prosedur tətbiq edilməklə. Partiyaların fəaliyyət göstərməsi üçün normal şərait yaradılmalıdir. Siyasi partiya bir institutdur. Əzəliəsi, beyni olan institut. Bu institutlar dövlət marağına uyğun fəaliyyət göstərməlidir. Dövlətə qarşı cəmiyyətdə dolaşıqlıq yaradacaq hər bir qüvvəyə qarşı durmağa gücü olmalıdır.
Siyasi müxalifəti olmayan və ya sıxılmış, əzilmiş müxalifəti olan cəmiyyət inkişaf edə bilməz. Siyasi hakimiyyət isə xarici təhdid qarşısında məğlub olar. Nəticədə millət və dövlət uduzar.
Seçkilərdə öz insanına uduzmaq, estafeti təhvil vermək dövləti məğlub etməz. Bunu görməzdən gələn siyasi hakimiyyət və ya siyasi partiyalar isə bir medalın iki üzüdür.
Azərbaycan insanı hər dəfə bu medalı gördükdə onda yaranan ikrah hissindən dolayı siyasətdən qaçır, taleyinə biganə yanaşır. Amma biz bu oyunu pozacağıq.
Anar Əsədli
AY Partiya Başqanı