Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzi arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müdir müavini Orxan Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) müdir müavini Zaur Balaqadaşov, “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat və mərkəzin meneceri Sona Allahverdiyeva iştirak ediblər.
M.Vəliyeva gənc nəslin elm, innovasiya və texnologiya sahəsində XXI əsr bacarıqlarına yiyələnmək imkanlarını artıran “Bilim Bakı” mərkəzi ilə davamlı və məqsədyönlü əməkdaşlığın əhəmiyyətindən söz açıb. Bildirib ki, mərkəzdəki məktəblərlə yanaşı şəhərətrafı qəsəbələrdə yerləşən məktəblər də bu imkandan faydalanmalıdır. M.Vəliyeva layihə əsaslı, həyati bacarıqların inkişafına təkan verən və şagirdlərə yeni dövrün çağırışları ilə ayaqlaşmaq vərdişləri aşılayan mərkəzin təlim proqramlarına cəlb olunacaq uşaqların yaradıcılığı və təşəbbüsləri əsasında meydana gələn işlərdən ibarət sərgilərin təşkil olunmasını da məqsədəuyğun hesab edib.
İdarə müdiri, həmçinin müəllim təşəbbüslərinin dəstəklənməsi istiqamətində mərkəzlə əməkdaşlığın əhəmiyyətinə də toxunub.
Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru V.Rüstəmov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində məktəblilərin mərkəzə cəlb olunması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib, bu istiqamətdə bütün təhsilalanlar və məktəblər üçün bərabər imkanların yaradılmasının vacibliyindən də danışıb.
Digər çıxış edənlər “Bilim Bakı” mərkəzinin müasir bacarıqlara malik şagirdlərin hazırlanması, istedadlı uşaqların aşkara çıxarılması işinə böyük töhfələr verəcəyinə inandıqlarını bildirib və bu istiqamətdə əməkdaşlığı yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi məktəblilərə elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu sınamaq imkanı yaradır.
R.Mehdiyeva