Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək

Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək


"Çin Kommunist Partiyasının ötən ilin oktyabr ayındakı qurultayında bu ölkənin lideri Si Tsinpin Tayvan probleminin həllini bu şəkildə göstərmişdi: “Tayvan məsələsini danışıqlar yolu ilə həll etməyə çalışacağıq, bu alınmadıqda güc yolundan istifadəni də istisna etmirəm”. Qərb ölkələri Si Tsinpinin bu açıqlamasını müharibə xəbərdarlığı kimi anladılar".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Si Tsinpinin açıqlamasına baxmayaraq, Pekində müharibə tərəfdarları çox deyil:

"Çinin Tayvan məsələsi üzrə rəsmisi Ma Syaoqan bildirib ki, adanın nümayəndələri ilə təmasları genişləndirməyə hazırdırlar. Bu açıqlama Vaşinqtonda müsbət qarşılanıb. Təsadüfi deyil ki, ABŞ-ın Tayvan adası ətrafındakı hərbi dəniz qüvvələrinin fəallığı nisbətən azalıb. Bu arada, ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər hazırlaşır. Tayvanda keçirilən seçkilərdə müxalifətdə olan Qomindan Partiyası qələbə qazanıb. Qələbə qazanan partiya isə Pekinlə praqmatik danışıqların tərəfdarıdır. Tayvan adasının keçmiş hakimiyyəti Pekinlə dialoqun əleyhinə idi. Vəziyyəti mürəkkəbləşdirən ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri oldu. Bu səfər Pekinin hərbi ritorikasını sərtləşdirdi. Pelosinin Ermənistana səfəri heç bir nəticə vermədiyi kimi, onun Tayvana səfəri də bölgədəki gərginliyin azalmasına xidmət etmədi. Tayvanda hakimiyyət dəyişdiyi kimi Nensi Pelosi də bu gün Nümayəndələr Palatasının sədri deyil".

Mərkəz rəhbəri qeyd edib ki, müharibə nə Çinin, nə Tayvanın, nə ABŞ-ın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir:

"Buna baxmayaraq, Çin bölgədə hərbi gücünü artırmaq siyasətindən imtina etməyib. Pekin Tayvanı Çinə birləşdirmək çalışmalarını genişləndirəcək. Vaşinqton danışıqların tərəfdarı olsa da, Çinin bölgədə hərbi gücünün artırmasına seyrçi qalmayacaq. Vaşinqton bölgədəki müttəfiqləriylə birgə Çinin artan gücünün qarşısını almağa çalışacaq. “Bloomberg” agentliyinin məlumatına görə, bu il ABŞ-ın Tayvan adası ətrafında müttəfiqləriylə birgə bir neçə hərbi təlimi nəzərdə tutulub. Tayvan ətrafında vəziyyətin inkişafına dair 24 ssenari mövcuddur. Bu ssenarilərin bir hissəsində ABŞ və bölgədəki müttəfiqlərinin Çinlə hərbi qarşıdurması yazılıb. Hərbi ssenarilər tərəflərin böyük itkisinə səbəb olacaq. Mümkün müharibənin Tayvan iqtisadiyyatına dağıdıcı zərbəsi olacaq. Entoni Blinken elə ona görə Pekinə səfərə hazırlaşır ki, ssenarilərin ən pis variantı reallaşmasın. Seçim Pekinindir".

Mehman
Xəbəri paylaş