Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya - Ukrayna müharibəsinin şiddəti daha da artacaq

Rusiya - Ukrayna müharibəsinin şiddəti daha da artacaq


"Rusiya ordusu bir müddətdir ki, Baxmut və Soledar istiqamətində Ukrayna ordusunun ciddi müqaviməti ilə qarşılaşıb. Ard-arda təşkil olunan hücumların böyük əksəriyyəti Rusiya ordusu üçün uğursuzluqla nəticələnir və çoxlu hərbiçi itirməsinə səbəb olur. Rəsmi Moskva Ukrayna ordusunun əks hücumlarını və döyüş əzmini qırmaq üçün strategiya dəyişikliyinə gedərək quru qoşunlarının hücumundan daha çox uzaq mənzilli raketlər ilə Ukraynanın dərinliklərinə zərbələr endirir. Lakin zərbələrin böyük hissəsi hərbi obyektlərdən daha çox mülki obyektlərə endirilir və bu da özlüyündə Ukrayna tərəfdən sivil ölümlərin sayını artırır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, buna paralel olaraq qərb dövlətləri Ukraynaya etdiyi hərbi yardımların həcmini və silah çeşidini artırır:

"Lakin burada maraqlı nüans ondan ibarətdir ki, qərbin silah yardımının həcmi bir növ Rusiyanın təşkil etdiyi hücumlara görə şəkillənir. Yəni hücumun miqyası nə qədər geniş olarsa, hərbi yardımın həcmi də ona uyğun edilir. Həmçinin Kreml administrasiyasının əlavə olaraq 500 min şəxsi səfərbərliyə cəlb etməyə hazırlaşması, qərbi adekvat addımlar atmağa məcbur edir. Verilən məlumatlara əsasən Birləşmiş Krallıq rəsmi Kiyevi 30 ədəd 155 mm-lik AS-90 habutsası və 14 ədəd Challenger 2 tankları ilə təmin edəcək və rəsmi London Ukraynaya Apache helikopterləri verməyi də nəzərdən keçirir. Düzdür 14 tank say olaraq çox azdır. Lakin bir müddət öncə Fransa da eyni addımı atdı və Ukraynanı özünün istehsalı olan orta sinif AMX-10 RC tankları ilə təmin edəcəyini bildirdi. Çox güman ki, hələlik hava hücumundan müdafiə sistemləri, zirehli avtomobillər və transportyorları verməklə kifayətlənən Almaniya tərəfi də, yaxın zamanlarda Ukrayna ordusunu Leopard 2 tankları ilə təmin edəcək".

AVP rəsmisi deyib ki, Ukrayna ordusu bu sistemləri, xüsusilə tankları əldə edəcəyi təqdirdə döyüş meydanında Rusiya ordusunun kabusuna çevriləcək:

"Çünki rus ordusu müharibə başlayandan bəri çoxlu sayda tank, zirehli texnika itirib və faktiki olaraq ordunun əlində qərb istehsalı tank və zirehli texnikalar ilə mübarizə aparacaq səviyyədə hərbi avadanlıqlar yoxdur. Hadisələrin gedişatı bizə onu deməyə əsas verir ki, irəliləyən zamanda Rusiya - Ukrayna müharibəsinin şiddəti daha da artacaq. Lakin qərb rəsmi Kiyevi uzaq mənzilli raketlər və aviasiya vasitələri ilə təmin etsə əgər, ordu cəbhənin daha dərinliklərinə zərbələr endirə biləcək və bu amil böyük ölçüdə, Rusiyanın məğlubiyyətini qaçınılmaz edəcək".

Mehman
Xəbəri paylaş