Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ASAN könüllüləri ilə növbəti görüşü baş tutub.
Newscenter.az xəbər verir ki, görüş 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gerçəkləşib.
Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb. Vurğulayıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın vacib bir komponentidir. Məhz ASAN könüllüləri tərəfindən mərkəzlərdə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, o cümlədən müxtəlif sosial, hərbi vətənpərvərlik, şəxsi inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Ardınca ASAN könüllülərinin uğur hekayələri dinlənilib. Görüş sual-cavab və müzakirələrlə davam edib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyətinə 30000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Sevinc