“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti müasir çağırışlara və milli maraqlara tam adekvat olması ilə fərqlənir. Bu siyasətin ən mühüm istiqamətləri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əasında tərbiyə edilməsidir. Təbii ki, gənclərin dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişmələri, sözün əsl mənasında, strateji zərurət kimi çıxış edir”.
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, ümumiyyətlə, müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərlik ruhunda formalaşmasıdır. 44 günlük Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Hələ Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq:
“Azərbaycan gəncliyinin Vətənə sədaqət andını ölkəmizin ərazi bütövlüyü uğrunda haqlı mübarizədə öz şərəfli və ləyaqətli xidməti ilə yerinə yetirməsi xalqımızın böyük üstünlüyü, dövlətimizin isə qüdrətidir. Cənab Prezidentimizin Cıdır düzündəki çıxışı zamanı qeyd etdiyi kimi, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaş olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Onun sözlərinə görə, Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək təşəbbüskarlıq göstərirlər. Onlara göstərilən inam və etimadı dəyərləndirmək üçün fəallıq nümayiş etdirir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycan gəncləri yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada da mühüm layihələr həyata keçirir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq miqyasda ölkəmizi uğurla təmsil edilmsində, eyni zamanda ölkənin ictimai-siyasi və iqtisadi həyatında gənclərimizin rolu təqdirəlayiqdir.
Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Prezident İlham Əliyev uğurlu gənclər siyasəti həyata keçirməklə, gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir, gənclərə olan sonsuz inam və etimadını nümayiş etdirir.
Mehman