Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alternativ enerji mənbələri artıq günümüzün trendinə çevrilməkdədir

Alternativ enerji mənbələri artıq günümüzün trendinə çevrilməkdədir


"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının paytaxtımızda keçirilməsi və Rumıniya Prezidenti Klaus Yohannisin də bu iclaslar çərçivəsində Azərbaycana səfər etməsi ilk növbədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynaması baxımından qiymətləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri bildirib ki, rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyada hökm sürən hazırkı geosiyasi təlatümlər fonunda Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində sabitləşdirici faktor rolunu oynayır:

"Azərbaycanın yürütdüyü şaxələndirilmiş kəmərlər vasitəsilə enerji ixracı siyasəti eyni zamanda Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini ərsəyə gətirir. Bu isə son nəticədə hamının maraqlarına uyğundur.
Bu sistemlər vasitəsilə nəql edilən karbohidrogen daşıyıcılarından bir çox dövlətlər bəhrələnə bilər. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə artıq İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixracını uğurla həyata keçirir. Həmçinin digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan həm “mavi yanacaq” almaq, həm də “yaşıl enerji” idxal etmək istəklərini bəyan edirlər. Bu ölkələrin sırasında Rumıniya da var".

MHP sədri qeyd edib ki, prezident İlham Əliyevin Rumıniya prezidenti Klaus Yohannis ilə görüşündə qeyd etdiyi kimi Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb:

"Bu sənədlərdən biri də təbii qazın Rumıniyaya çatdırılmasına dair sazişdir ki, həmin saziş iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı bundan sonra Avropa məkanında daha bir ünvana – Rumıniyaya da çatacaq. Eyni zamanda Rumıniyanın tranzit ölkə imkanlarından istifadə edilərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək. Həmçinin yaşıl enerjinin tədarükü istiqamətində də ölkələrimiz sıx əməkdaşlıq etməyi planlaşdırır. Bu da olduqca strateji bir layihədir. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimindəki çıxışında qeyd etdiyi kimi Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz ölkələrini yaxınlaşdıracaq və Azərbaycanın bərpa olunan enerji (“yaşıl enerji”) mənbələrindən elektrik enerjisinin Rumıniya və Macarıstan vasitəsilə Aİ-yə ötürülməsi hesabına tədarükün təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Göründüyü kimi alternativ enerji (o cümlədən, “yaşıl enerji”) mənbələri artıq günümüzün trendinə çevrilməkdədir və Azərbaycan alternativ enerji mənbələrinin istifadəyə verilməsində aparıcı rol oynayacaq ölkələrdən biridir. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabelin vasitəsilə Rumıniya da Azərbaycandan yaşıl enerji idxal edən ölkələrin sırasında yer alacaq. Beləliklə, Avropa qitəsi bizim potensial əməkdaşlıq istiqamətimiz olacaq".

Mehman
Xəbəri paylaş