12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Azıx mağarasından sonra ekoloji fəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı dinc aksiya keçirdikləri Xankəndi-Laçın yoluna gəliblər.
“Report”un səyyahları müşayiət edən müxbirinin verdiyi məlumata görə, onlar yolda heç bir blokadanın olmadığını, Ermənistandan Xankəndinə və əks istiqamətdə avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini öz gözləri ilə görüblər.
Qeyd edək ki, beynəlxalq səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri Qarabağ və Şərqi Zəngəzura üç günlük səfər zamanı Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.
Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.
Bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.