Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meksika mətbuatında erməni ifşa edilib

Meksika mətbuatında erməni ifşa edilib


Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan “Quadratin” qəzetində səfir Məmməd Talıbovun Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Ermənistan parlamentlərarası dostluq qrupunun sədrinin Ermənistana səfərindən sonra yayılmış böhtan xarakterli məlumata geniş cavab müsahibəsi dərc olunub, həmçinin internet səhifəsində qısa video reportaj yayımlanıb.

Bu barədə Newscenter.az-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Yazıda ilk olaraq Ermənistan tərəfinin Meksika ictimaiyyətinin regiondakı vəziyyətə o qədər də agah olmamasından istifadə edərək riyakarcasına böhtan xarakterli məlumatlar yaydığı qeyd olunur.

Daha sonra müsahibədə keçmiş münaqişənin tarixi, Azərbaycanın 20% yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, 200 minə yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalması, 1 milyona yaxın azərbaycanlının Ermənistan və işğal olunmuş ərazilərdən qovulması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinə heç bir zaman məhəl qoymaması, 2020-ci ildə ölkəmizin öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilir.

Yazıda həmçinin Azərbaycan hökuməti tərəfindən 1 milyona yaxın məcburi köçkünün öz evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, qarşı tərəflə sülh sazişinin imzalanması istiqamətində konstruktiv addımların atıldığı barədə məlumat verilir, lakin Ermənistanın müxtəlif təxribatlarla sülh sazişinin imzalanmasına mane olduğu vurğulanır.

Müsahibədə Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etdiyi, Azərbaycan ərazilərindəki təbii sərvətləri, xüsusən qızıl və mis-molibden yataqlarını talan etdiyi, Azərbaycan ərazilərinin məqsədyönlü şəkildə minalanmasına davam etdiyi, həmin ərazilərdən 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkar edildiyi, məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkdiyi, onlardan 3 nəfər jurnalist daxil 45 nəfərin həlak olduğu meksikalı oxucuların diqqətinə çatdırılır.

Yazıda həmçinin, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən indiyədək çıxarmadığı qeyd olunur, habelə Azərbaycan ərazilərində qanunsuz olaraq separatist qruplaşmaların maliyyələşdirilməsi üçün əhalisi yoxsulluqdan əziyyət çəkən Ermənistan tərəfindən yüz milyonlarla dolların xərcləndiyi vurğulanır.

Sonda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilir, orada bu günə kimi artıq iki beynəlxalq hava limanının tikildiyi, 700 kilometrdən çox yolun salındığı, məktəblərin, ağıllı kəndlərin açıldığı, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı qeyd olunur. Həmçinin, Meksikanın hər zaman beynəlxalq hüququn normalarına sadiq ölkə kimi keçmiş münaqişə zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinin yüksək qiymətləndirildiyi bildirilir və bundan sonra da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə çağırılması və Azərbaycanla sülh sazişini imzalaması prosesinə dəstək göstərməsinin vacibliyi vurğulanır.

Mehman
Xəbəri paylaş