"Ötən ayın sonlarında Güney Azərbaycanın Xoy vilayətində baş vermis güclü zəlzələlərdən sonra dağıntılardan əziyyət çəkən əhalinin acınacaqlı vəziyyətdə qalması İranın fars-molla rejiminin həm də amansız faşist rejimi olduğunu göstərir. Zəlzələ nəticəsində çarəsiz durumda qalan azərbaycanlılar taleyin ümidinə buraxılıblar. Xoylu soydaşlarımız sərt hava şəraitində qarlı küçələrdə qurulmuş çadırlarda, tonqal ətrafında və ya maşınlarda gecələməyə məcburdur.
Uşaqlar, yaşlı insanlar soyuqdan donur. Hökumət qurumları isə onlara humanitar yardım göstərməyə, isti əşyalar verməyə tələsmir. İnsanların qida tələbatları ödənmir. Dağıntılar nəticəsində yaralananların da əksəriyyəti taleyin ümidinə buraxılıb. Xəstəxanalar tibbi heyət, dərman və yer çatışmazlığı bəhanəsilə yaralıları qəbul etməkdən imtina edirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri deyib ki, Xoydakı soydaşlarımız molla rejiminin laqeydliyi üzündən hazırda belə bir fəci durumda çarəsiz qalıb:
"Adını “İslam Respublikası” qoyan , lakin İslamın ədalət, mərhəmət, şəfqət kimi humanist dəyərlərindən tamamilə uzaq olan molla rejimi zəlzələdən zərərçəkənlərə nə özü yardım etməyə tələsmir, nədəki Türkiyə kimi qonşu ölkələrin humanitar yardım göstərməsinə imkan vermir. Azərbaycan Respublikasında da Xoydakı soydaşlarımıza yardım etmək istəyənlər çoxdur. Lakin molla rejiminin qeyri-humanist davranışı nə dövlətimizin, nədəki ayrı-ayrı insanlarımızın Xoya humanitar yardım göndərməsinə, köməklik etməsinə lazımi şərait yaratmır".
MHP sədri qeyd edib ki, rəsmi Tehranın Türkiyənin humanitar yardım təklifindən imtina etməsi və Azərbaycan tərəfindən ediləcək yardımları bloklaması İranı idarə edənlərin iç üzünü açıb ortaya qoyur:
"Mollalar fürsətdən istifadə edib azərbaycanlılara qarşı soyqırımı həyata keçirirlər. Bunun qarşısını almaq üçün İrana qarşı beynəlxalq təzyiqləri artırmaq lazımdır. Biz Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla bütün beynəlxalq təşkilatları İran rejiminin Güney azərbaycanlılara, zəlzələdən zərərçəkənlərə qarşı qeyri-humanist davranışına son qoymaq üçün yubanmadan hərəkətə keçməyə çağırırıq. Fars-molla rejiminin soydaşlarımıza zülm etməsinə heç kim səssiz qalmamalıdır".
Anar