Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran ciddi təhlükə mənbəyidir. Nə etməli?

İran ciddi təhlükə mənbəyidir. Nə etməli?


Azərbaycan dövləti mövcudluğunun bütün dövrlərində qonşu xalqlarla, o cümlədən İranla sülh və əmin-amanlıq, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamağa çalışıb. Məhz sülh naminə çox güzəştlərə gedilib, təmkin və səbr nümayiş etdirilib. Lakin son hadisələr göstərir ki, İran hakimiyyəti öz düşmənçilik siyasətindən əl çəkmək niyyətində deyil. Səfirliyimizə qarşı törədilmiş terror aktının İran hakimiyyəti tərəfindən ört-basdır edilməsi, onun saxtakarlıqla adi məişət insidenti kimi qələmə verilməsi bu aktın arxasında hakimiyyətə bağlı qüvvələrin dayandığını göstərir.

Terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi isə onu istintaqdan və törətdiyi ağır cinayətə görə məsuliyyətdən yayındırmaq cəhdindən başqa bir şey deyil. İran hakimiyyətinin bu addımları bizi daha da ayıq-sayıq olmağa və öz ərazimizdə törədilə biləcək terror hadisələrinə hazır olmağa sövq etməlidir. Odur ki, vətəndaşlarımız ölkə ərazisində müxtəlif mədəni, humanitar və dini missiyalar adı altında pərdələnən İran təşkilatlarının fəaliyyətinə xüsusi diqqət yetirməli və İran təşkilatları tərəfindən təklif olunan tibbi xidmətlərə də ehtiyatla və həssaslıqla yanaşmalıdırlar.

Bu günlərdə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran xəfiyyəsi ilə bağlı olan terrorçu dəstənin aşkar edilməsi və həbs edilməsi də vətəndaşlarımız üçün həyəcan siqnalı olmalıdır. İstər dövlət qurumları səviyyəsində, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində İranla bütün əlaqələrimiz bir daha təftiş olunmalı, içərimizdə yuva salmış terrorçular təhlükə baş vermədən öncə zərərsizləşdirilməlidir. Xüsusilə dini pərdə altında həyata keçirilən bütün tədbirlər, qarşılıqlı səfərlər, İranda dini təhsil almaq bəhanəsi ilə gənclərimizin bu ölkəyə aparılması tam dayandırılmalıdır. İran missionerlərinin digər ölkələrin ərazisində apardıqları pozuculuq fəaliyyəti və onun ağır nəticələri haqqında ictimaiyyətə geniş və hərtərəfli məlumat verilməlidir. Bütün bunlar ölkəmiz daxilində İrandan gələn mümkün təhlükələri önləmək üçün zəruridir.

Lakin bunlarla yanaşı, İranda yaşayan soydaşlarımızın həyatına qarşı təhlükələrin qarşısının alınması, onların haqlarının müdafiəsi də Azərbaycan – İran münasibətlərində ön plana çıxarılmalıdır. Biz İran hakimiyyətindən öz ata-baba torpaqlarında min illərlə yaşayan soydaşlarımızın bütün fundamental insan haqlarının təmin olunmasını tələb etməliyik. İran hakimiyyətini dövlət səviyyəsində İran türklərinə qarşı aparılan diskriminasiya siyasətinə son qoymağa çağırmalıyıq. On illər ərzində Urmiya gölünün məqsədli şəkildə qurudulması, Azərbaycan türklərinin öz qədim yaşayış məskənlərindən zorla köçürülməsi, onların elementar insan hüquqlarından məhrum edilməsi İran hakimiyyəti tərəfindən soydaşlarımıza qarşı davamlı olaraq həyata keçirilən soyqırımı hadisəsidir. Həm dövlətlər arası ikitərəfli münasibətlər çərçivəsində, həm də bütün beynəlxalq platformalarda İran hakimiyyətinin Azərbaycana və Azərbaycan türklərinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını tələb etməliyik.

Cavanşir Feyziyev-Milli Məclisin deputatı
Xəbəri paylaş