“Azərbaycan-Rumıniya arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq əlaqələri mövcuddur. Ötən illər ərzində iki ölkənin münasibətləri dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Odur ki, Rumıniya Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bu gün də iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər:
“İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, ticarət dövriyyəsi iki dəfədən çox artıb. Sirr deyil ki, ticarət dövriyyəsinin böyük hissəsini də Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Eyni zamanda qeyd olunmalıdır ki, uzun illər ərzində SOCAR Rumıniyada fəaliyyət göstərir və 70-dən çox yanacaqdoldurma stansiyası, bir neçə yanacaq deposu var. Lakin yaxın müddətdə iki ölkə münasibətlərində energetika sahəsinin yeni sahələri fəaliyyətə başlayacaq. Məhz təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş sözügedən əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək”.
“Azərbaycan və Rumıniyanın energetika sahəsindəki əməkdaşlığı təkcə iki ölkənin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələyə çevrilməkdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Rumıniya imkanlarından istifadə edərək nəql ediləcəyi qazı Avropa məkanında yeni ünvanlara çatdıracaq:
“Azərbaycan-Rumıniya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir. İki ölkənin neft və qaz sahəsində əməkdaşlığından əlavə yaşıl enerji ilə də bağlı işlərin qurulması Avropanın enerji təhlükəsizliyinə əlavə impulsdur”.
Ruhiyyə