“Bu gün Şərqi Avropada gedən müharibə səbəbindən Avropa qitəsi ölkələri alternativ, lakin dayanıqlı enerji təchizatı mənbəyinə əlçatanlığı uğrunda mübarizə aparırlar. O da bəllidir ki, hazırda Avrasiyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi Azərbaycandır. Bu gün Azərbaycan nəinki nefti və qazı, hətta elektrik enerjisi ilə qlobal enerji təhlükəsizliyi məsələsində xüsusi çəkiyə malikdir. Ona görə də, Avropa ölkələri daha çox Azərbaycanla əməkdaşlığa can atırlar. Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi də bunu isbatlayır”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın liderliyi ilə reallaşdırılmış neft və qaz kəmərləri bu gün Avropa üçün həyati əhəmiyyət kəsb edir:
“Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Bu gün artıq Azərbaycan həm Avropanın enerji təminatı mənbəyidir, həm də enerji koridoru, qovşağıdır. 2021-ci ildə təxminən 19 milyard kubmetr, 2022-ci ildə də 22,6 milyard kubmetr qaz ixrac olunub. 2023-cü ildə isə ixracın 24,5 milyard kubmetr olması gözlənilir. Bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışılır”.
“Şübhə yoxdur ki, Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlar da uğurlu olacaq” - deyən Ramil Vəlibəyov əlavə edib ki, təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir:
“Bu gün artıq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilməkdədir. Həmçinin yaxın zamanlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq ki, bu da işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi də nəzərdə tutulur. Ümumilikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə də, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.
Ruhiyyə