Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hələlik Vardanyan məsələsi bağlanmayıb

Hələlik Vardanyan məsələsi bağlanmayıb


"Vardanyanın Rusiya tərəfindən Qarabağa göndərilməsi yanlış hesablamanın nəticəsi idi. Rusiya bilməli idi ki, Qarabağ kimi köklü bir problemi Vardanyanın əli ilə idarə etmək planı əvvəlcədən uğursuzluğa düçar olacaq. Məsələ ondadır ki, bu, Rusiyanın həmişə işlətdiyi üsuldur. Digər münaqişə bölgələrini də belə idarə edir. Öz adamlarını ora göndərməklə. Rusiya hesab edir ki, əgər belə adamların arxasında durursa, bölgədə kimin olmasının fərqi yoxdur. Rusiyanın gücü bəsdir ki, onun istəyi qəbul edilsin".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Azər Qasımov daha sonra bunları qeyd edib:

"Amma bu dəfə belə olmur. Vardanyan nə qədər Rusiyanın ağzı ilə barışmaz mövqe tutmaqla problemin həll olunmayacağı görüntüsü yaratmaq və Rusiyanın bölgədə qalmasını təmin etmək istəyirsə, Azərbaycan əvvəla onu qəbul etmədi, sonra isə Rusiyanın bölgədə müvəqqəti olduğunu, vaxtı çatanda bölgədən çıxacağını bəyan etməklə Rusiyadan çəkinmədiyini göstərdi. Rusiya isə digər münaqişə bölgələrindən fərqli olaraq Azərbaycanla qarşı-qarşıya gəlmək istəmir və istəyə də bilməz. Azərbaycan və onun müttəfiqi Türkiyənin Rusiya üçün son dayaq nöqtəsi olduğunu yaxşı bilir".

Politoloq hesab edir ki, hələlik Vardanyan məsələsi bağlanmayıb:

"Vardanyan Moskvaya gedə bilər, amma onun geri qayıtması ehtimalı da böyükdür. Bu, Vardanyanın Moskvaya, Fransaya getmək üçün Qarabağdan ilk çıxışı deyil. R.Vardanyanın Paşinyana alternativ hazırlandığı gerçəyini də nəzərə alsaq, hələlik Rusiya onu geri qaytara bilər. Rusiyanın indi Qarabağdan böyük problemi Ermənistanın Qərblə əməkdaşlığı məsələsidir. Vardanyan Qarabağa qayıda bilər, amma Azərbaycana söz verilə bilər ki, o, sakit dayanacaq, amma Ermənistan hakimiyyətinə təzyiq üçün hərəkət edəcək".

Mehman
Xəbəri paylaş