Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Türkiyə səfirliyinə getməsi əsl qardaşlıq nümunəsidir - Könül Nurullayeva

Prezident İlham Əliyevin Türkiyə səfirliyinə getməsi əsl qardaşlıq nümunəsidir - Könül Nurullayeva


"Prezident İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili qeyd edib ki, bütün Türk dünyasını sarsıdan zəlzələdə ölü sayı durmadan artır:

"Azərbaycan xalqı və dövləti bu ağır gündə qardaş ölkənin yanındadır. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verdi, bu ağır məqamda qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Təsadüfi deyil ki, qardaş ölkəyə ilk yardım məhz Azərbaycandan getdi. Xilasetmə qrupları ilk gündən zəlzələ bölgəsində arama-qurtarma prosesinə cəlb edilib və çox fəal şəkildə hadisə bölgəsində işləyirlər. Eyni zamanda Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. 36 ton yardım zəlzələ qurbanlarına çatdırılıb. Həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar yardım kampaniyasına qoşulub".

Millət vəkili bildirib ki, Azərbaycan xalqı da könüllü şəkildə qardaş ölkəyə dəstək olmağa çalışır:

"Toplama məntəqələrinə gələn insanlar zəlzələnin vurduğu zərərlərin minimuma endirilməsi üçün əllərindən gələni edir. Zərər çəkən insanalrın dərdinə şərik çıxır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu qardaş dəstəyi bir daha onu göstərir ki, dövlətlərarası və dövlət başçıları səviyyəsində olduğu kimi, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr bütün dünyaya örnək olacaq səviyyədədir. Təsadüfi deyil ki, Azərbaycanda özəl şirkətlər də yardım kampaniyasında fəal iştirak edir. Məhz Prezident İlham Əliyevin göstərişi ilə yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Səfirlikdə olarkən dövlət başçımız hətta bizim xəstəxanalarda da yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şəraitin olduğunu bildirdi. Belə ki, Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da artıq çarpayıların ayrıldığını və əgər ehtiyac olarsa, xəstələri gətirməyə hazır olduğunu qeyd etdi".

Könül Nurllayeva sonda onu da deyib ki, könüllü qrupların zəlzələ bölgəsinə getməsi də bizi qürurlandırır. Vətənpərvər və humanist gənclərimiz ölkə daxilində vacib proseslərdə iştirak etdiyi kimi, ölkə xaricində də fəallıq tələb edən tədbirlərdə öndə gedir:

"Qardaş ölkənin bu sınaqdan üzüağ çıxmasına öz töhfəsini verir. Biz dövlət və xalq olaraq sona qədər Türkiyənin yanındayıq".

Ruhiyyə
Xəbəri paylaş