“Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, hadisədən dərhal sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyev Türkiyəyə yardım və xilasedici qrupların göndərilməsi barədə tapşırıq verdi və hazırda da bu proses davam edir:
“Dünən isə dövlət başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək Türk xalqına başsağlığını çatdırdı, kədərimizi, üzüntümüzü ifadə etdi. Azərbaycan Prezidentinin Türkiyə səfirliyinə getməsi bir tərəfdən Türk xalqının dərdinə şərik çıxmaq, onların acısını paylaşmaq anlamı verirdisə, digər tərəfdən dünyaya qardaşlıq nümunəsi idi. Cənab Prezidentin timsalında Azərbaycan dünyaya qardaşlıq nümunəsi göstərdi ki, əsl qardaşlıq, dostluq belə olar. Türkiyə Azərbaycanın istər xoş, istərsə də acı günlərində Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da başda dövlət başçısı olmaqla hamılıqla bu acı, sıxıntılı günlərdə Türkiyəmizin yanındadır”.
Arzuman Muradlı onu da deyib ki, Azərbaycan vətəndaşlarının durmadan qardaşlarımıza yardım göndərmək üçün yardım toplama məntəqələrinə üz tutması, əlindən gəldiyi qədər dəstək göstərməsi insanı qürurlandırır, həyata inam hissini artırır:
“Prezident İlham Əliyevin də Türkiyənin Azərbaycandakı səfirliyində dediyi kimi, bu qardaş dəstəyi bir daha onu göstərir ki, dövlətlərarası və dövlət başçıları səviyyəsində olduğu kimi, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr bütün dünyaya örnək olacaq səviyyədədir”.
Mehman