Qardaş Türkiyədə baş verənlərin fonunda bizdə bəzi din, inanc və islam düşmənləri (diqqət edək: "ateist, qeyri-müsəlman, yaxud inancsız – demirəm, – din, inanc, islam düşmənləri, müqəddəs sayılan hər şeyə nifrət edib qənim kəsilənlər", – deyirəm), həm də hansı dünyagörüşünə, məqsədə qulluq etdiyi bilinməyən şəxslər müsəlmanların, inanclı insanların dağıntı altında qalan şəxslər üçün dua etməsini lağa qoyur, hansı isə yapon mütəxəssisinin "kəşf"ini – "Biz də sizin kimi dua edirik, amma sizdən fərqli olaraq biz axtarış işlərini gördükdən sonra dua edirik" sözünü tirajlayaraq nifrətlərini əllaməliklə ört-basdır etdiklərini düşünürlər. Bilmirəm, hansı isə yapon mütəxəssisi bu sözləri deyibmi, yoxsa bu, sosial şəbəkələrə xas "mənbəyi bilinməyən fakt" və "kimliyi naməlum şəxsiyyət" tipli, populist təfəkkür üçün hesablanan informasiyadırmı?
Əvvəla, bu sayaq əllaməliyə, qabaqdangəlmişliyə ehtiyac yoxdur, çünki islamın peyğəmbəri bizim "yapon"dan 14 əsr əvvəl bizə Allah-insan, əməl-dua münasibətlərinə dair düstur təqdim etmişdir. Belə ki bir şəxs Peyğəmbərin yanına gələrək soruşur ki, dəvəsini (səhralığa) açıb buraxa, daha sonra Allaha təvəkkül edə (həm də: Ona dəvəsinin qoruması üçün dua edə) bilərmi? Peyğəmbər deyir: "Dəvəni bağla, daha sonra (onu qoruması üçün) Allaha təvəkkül et!"
Bununla yanaşı, bu hay-küyçü, korafəhm şəxslərin diqqətinə çatdırmaq lazımdır ki: “İnsafınız, həyanız olsun! Türkiyədə əl-qolunu sallayıb evində oturan, dua edib zəlzələ qurbanları üçün qılını tərpətməyən müsəlmanmı görmüşsünüz ki, özünüzə əl qatıb Türkiyə adına kraldan çox kralçılıq edirsiniz!? Həya, qanacaq, mərifət yaxşı şeydir! Türkiyədə bəyənmədiyiniz bütün dini vəqflər, dini yardım təşkilatları, camaatlıqlar səfərbər olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq üçün çalışırlar”.
Əminəm ki, bu kimi iftiraları yayanlar isti evində oturub "klaviatura" fədakarlığı edənlərdir...
O ki qaldı dua məsələsinə, bəli, dua lazımdır, həm işdən qabaq, həm iş zamanı, həm də işdən sonra. Dua mənəvi gücdür, ümiddir, nicatdır, xilasdır. Dağıntılar altında elə sağqalma hallarına rast gəlinib ki, təcrübəyə, elmə, bioloji və fiziki qanunlara görə sağqalma mümkün deyildi. Məhz duanın nəticəsidir ki, olmalı şey olmur, həyat ölümə qalib gəlir.
İnanc insanlara çətin günlərdə ümid, mənəvi güc verən əvəzedilməz “silah”dır. İnsanların əlindən ümid silahını almaq xəstə və bədbin təfəkkür sahiblərinin vərdişidir...
Bir sözlə, duası ilə, əməyi ilə zəlzələ qurbanlarının yanında olan inanclı şəxsləri həzm edə bilməyən faşist təfəkkürün, kinli və paxıl zehniyyətin şahidi oluruq bu günlərdə...
Elvusal Məmmədov
AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru