Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəniz Baykal vəfat edib

Dəniz Baykal vəfat edib


Türkiyənin tanınmış dövlət xadimi, siyasətçi və hüquqşünas, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal vəfat edib.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, D.Baykal 1938-ci il iyunun 20-də Türkiyənin Antalya şəhərində anadan olub. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. O, 1960-cı ildə eyni ali təhsil müəssisəsinin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-a yollanan siyasətçi iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilib.

D.Baykal 1974-cü ildə Bülənt Ecevit hökumətində maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal partiya məclisi və mərkəzi idarəetmə heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib. Baykal həmin ilin sentyabr ayının 12-də baş verən hərbi çevrilişdən sonra bir müddət Ankarada Ordu Dil Məktəbində nəzarət altında saxlanıb. 1982-ci ildə qəbul edilmiş konstitusiyanın 5 il müddətinə siyasətlə məşğul olmağı qadağan etdiyi siyasətçilər arasında yer alan Dəniz Baykal 1983-cü ildə siyasi partiyaların qurulmasına icazə verildikdən sonra "siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, fəaliyyətini davam etdirdiyinə" görə bir qrup qabaqcıl siyasətçilərlə birlikdə Çanaqqala Zəncirbozan hərbi bazasında ikinci dəfə nəzarət altına alınır. 1987-ci ilin sentyabr ayında Türkiyə parlamentinə keçirilən seçkilərdə yenə doğma şəhəri Antalyadan millət vəkili seçilir. SHP-də baş katib vəzifəsini icra edən Baykal 1990-cı ildə vəzifəsindən istefa edir. Bununla yanaşı, D.Baykal millət vəkili kimi Türkiyə-Avropa Birliyi birgə Parlamentlərarası Komitəsinin həmsədri vəzifəsini icra edib. Avropa Şurasının Parlamentarilər Məclisinə daxil olan Dəniz Baykal eyni zamanda TBMM-in Xarici İşlər Komissiyasının da üzvü olub.

1992-ci ilin iyul ayında bağladılmış siyasi partiyaların yenidən açılmasına icazəni nəzərdə tutan qanunun verdiyi imkanla 1992-ci il sentyabr ayının 9-da CXP-nin sədri seçilib. 1995-ci ildə formalaşan DYP-CXP koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edib. 1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilir. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə xarici işlər naziri və baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən CXP-nin sədri seçilir. 1999-cu ildə parlament seçkilərində CXP ilk dəfə parlamentdən kənarda qalır. Partiyasının seçkilərdə uğursuzluğundan sonra Baykal partiya sədrliyi vəzifəsindən getdiyini bildirir. 2007-ci ildə yenə Baykalın liderliyindəki CXP Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8 faizini əldə edərək məclisdə əsas müxalifət partiyasına çevrilir.

Dəniz Baykal siyasətçi olmaqla yanaşı, dosent və çox yaxşı üzgüçü idi.

Ailəli idi, bir qızı var.
Xəbəri paylaş