Fevralın 11-də gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, səriştəli və bilikli kadrların müəyyənləşdirilərək önə çəkilməsi məqsədilə təşkil edilən daxili müsabiqənin qalibləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, müsabiqə komissiyasının üzvləri və qalib gələn 35 nəfər gömrük əməkdaşının iştirak etdiyi görüşdə bildirilib ki, gömrük işinin müasir çağırışlara, beynəlxalq standartlara uyğun şəkildə qurulması məqsədilə həyata keçirilən yeniliklərin prioritet istiqamətlərindən biri də Komitənin strukturuna daxil olan qurumlar üzrə insan resurslarının idarə edilməsi prosesinin yeni müstəviyə çıxarılması, əməkdaşların səriştə və təcrübəsindən səmərəli istifadə olunmasıdır.
Daxili müsabiqənin də bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunduğu qeyd edilib, bundan sonra da gömrük sistemində çalışan potensiallı və müvafiq səriştələrə malik olan kadrların müəyyən edilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsinin təmin olunması məqsədilə zəruri addımların atılacağı vurğulanıb, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sevinc