Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Özbəkistan gənclərinin dostluq və əməkdaşlıq forumu keçirilib

Azərbaycan-Özbəkistan gənclərinin dostluq və əməkdaşlıq forumu keçirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə olaraq “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu” baş tutmuşdur.

Newscenter.az-a daxil olan məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin konfrans zalında Gənclərin Dostluq və Əməkdaşlıq Forumu hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

Daha sonra forum iştirakçıları qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycandan gələn “İslahatçı Gənclər” İctimai Birliyi, Gənclər Fondu, media təşkilatlarının nümayəndələri, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamenti, habelə Senatı yanında Gənclər Parlamentinin rəhbərləri və təhsil sahəsində ekspertlər qatılmışlar.

Forumda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tarixdə ilk dəfə baş tutan belə bir tədbirin Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, ədəbi, təhsil əlaqələrinin möhkəmlənməsi, gənclər arasında yeni əlaqələrin qurulması, ənənəni və innovativ təcrübələrin mübadiləsi baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq bu tarixi hadisə münasibətilə forum iştirakçılarını təbrik edib.

S.Abbasov Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin bu gün də dövlətin əsas prioriteti olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Diplomat 1996-cı ildən bu yana Azərbaycan Dövləti tərəfindən gənclərin sosial, elmi və mədəni inkişafına hesablanmış onlarla Dövlət Proqramının qəbul olunduğunu bildirərək bu gün Azərbaycan gəncinin dövlət tərəfindən qəbul olunmuş bu proqram sayəsində özünü inkişaf etdirməklə yanaşı, dövlət idarəçiliyində də əhəmiyyətli rol oynadığını vurğulayıb.

S. Abbasov çıxışında Prezident İlham Əliyevin “Mən Azərbaycan gəncliyinə hər zaman güvənmişəm, hər zaman Azərbaycan gəncliyinin yanında olmuşam, Azərbaycan gəncliyi də hər zaman mənə arxalana bilər” fikrini səsləndirib.
O, forumun ilki qardaş ölkə gəncləri arasında gələcəkdə sıx əlaqələr yaratmaq baxımından çox böyük perspektivlər açdığını qeyd edərək, rəhbərlik etdiyi təşkilatın gənclərlə iş, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin Sədri Fərid Şahbazlı Azərbaycanla Özbəkistan arasında sıx əlaqələrin qurulması, gənclər arasında əməkdaşlıq, qloballaşan dünyada çox böyük əhəmiyyətə malik gənclər siyasəti haqqında danışaraq, Azərbaycan üçün Özbəkistanın təkcə regionda deyil, bütün dünyada vacib bir partnyor, müttəfiq qardaş ölkə olduğunu qeyd edib. O, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində gənclərin sıx əməkdaşlıq quraraq birlikdə daha uğurlu, səmərəli fəaliyyət göstərə biləcəklərini qeyd edib.

Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycanda gənclərin cəmiyyətimizin ictimai həyatında aktiv iştirakını təmin edən fəaliyyəti və bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışıb.

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamentinin Sədri Şahnoza Yoldaşova Azərbaycan tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə tarixində ilk dəfə olaraq keçirilən belə bir forumun gələcəkdə hər iki ölkənin gənclərinin birgə fəaliyyəti üçün böyük imkanlar yaradacağını qeyd edib. O, Özbəkistanda həyata keçirilən gənclər siyasəti, gənclərin dövlət siyasətində aktiv iştirakı, qanunvericilik palatalarında təmsil olunması və dövlət tərəfindən gənclər üçün yaradılan şəraitdən danışıb.

Forumda İştirak edən Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi İbrahim Mehdiyev baş tutan bu Forumun iki ölkə gəncləri arasında dostluq-əməkdaşlıq əlaqələrinin qurulması, möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyərək belə forumların davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və növbəti belə bir forumun yaxın gələcəkdə Azərbaycanda keçirilməsini təklif edib.

Paneldə çıxış edən Özbəkistan Respublikası Senatı yanında Gənclər Məclisinin sədri Bexzod Toxtamurodov çıxış edərək Azərbaycanla Özbəkistan gəncləri arasında yeni əlaqələrin qurulması, müasir dövrdə çağırışlar, qloballaşma dövründə gənclərin vətənə bağlı, habelə müasir texnologiyalardan yararlanması, hər iki ölkənin uğurlu gənclər siyasəti modelinin gələcəkdə qarşılıqlı olaraq tətbiqi məsələləri barədə çıxış edib. O, ələdə edilmiş təcrübələrin paylaşılmasının iki ölkə gəncləri üçün çox əhəmiyyətli olacağını vurğulayıb.

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan təhsil şirkəti “Study First Academy Uzbekistan” rəhbəri Mikayıl Mirzəzadə iki ölkə arasında bütün sahələrdə yaranmış sıx əlaqələrin təhsil sektoruna da böyük təsir göstərəcəyini vurğulayıb. O, qardaş ölkə gənclərinin təhsil sahəsində də sıx əməkdaşlıq qura biləcəklərini, ölkələr arasında imzalanmış sazişlərə əsasən hər iki ölkə gənclərinin qaraşlılıqlı olaraq Azərbaycan və Özbəkistanın aparıcı ali təhsil ocaqlarında öz təhsillərini davam etdirmələri üçün yeni imkanların yarandığını söyləyib.

Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də hər iki ölkə gənclərinin birgə, ortaq fəaliyyətinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkədə medianın daha da inkişafına müsbət təsir edəcəyini, gənclərin, gənc media mənsublarının iştirakı ilə beynəlxalq tədbirlərin, qarşılıqlı səfərlərin keçirilməsinin əhəmiyyətindən danışdı.

Forum iştirakçılarına Azərbaycan-Özbəkistan gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan tərəfinin fəxri diplomları və hədiyyələri təqdim olunub.
Forumda iştirakçı gənclər iki ölkənin gənclər siyasəti, bu istiqamətdə əməkdaşlıq məsələləri, həyata keçirilən birgə layihələr, bu sahədə yaradılan imkan, təcrübə mübadiləsi, gənclərin təhsil almaq imkanlar barədə suallar verilib və panellər üzrə suallar cavablandırıblar.

Qeyd edək ki, Forum iştirakçıları tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş "Gələcəyimiz və zəfərə aparan gəncliyimiz" adlı foto və kitab sərgisi ilə tanış olublar.

Mehman
Xəbəri paylaş