Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə keçirilən növbəti əməliyyatlar zamanı isə daha 7 nəfər-Yaqub Əliyev, Aqşin Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və Ümid Məmmədovlar saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Mehman