Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Türkiyədən gözləntiləri nələrdir?

Qərbin Türkiyədən gözləntiləri nələrdir?


"Son zamanlar Türkiyədə baş verən fəlakət üzündən Ermənistanın Türkiyəyə humanitar yardım göstərməklə iki ölkə arasında yaxınlaşmaya nail olmaq planı əslində bu təbii fəlakətdən öncə qaynaqlanmağa başlamışdır. İlin əvvəlindən Ermənistanla sərhədlərin açılması məsələsini fəal şəkildə gündəmə gəlmişdir. Bunun da əsas səbəbi Türkiyədə qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, seçkiqabağı Qərblə münasibətləri normallaşdırmaq və Qərbdən gələn təzyiqləri neytrallaşdırmaq üçün Türkiyənin indiki hökuməti Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirməsi gözlənilən idi:

"Qərbin də bu məsələdə Türkiyədən gözləntiləri vardır. Bu məsələ hələ indi deyil, Abdullah Gülün Prezident olduğu dövrdə futbol diplomatiyası adı altında gündəmə gəlmiş, ABŞ-ın o zamankı Prezidenti Obama bu məsələdə xüsusi fəallıq göstərmişdir, lakin Azərbaycan hökumətinin və cəmiyyətinin sərt təpkisi altında bu mövzu gündəmdən çıxmış və Türkiyə rəsmiləri Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ problemi həll olunmamış sərhədlərin açılmasını mümkünsüz hesab etmişdir".

Politoloqun sözlərinə görə, 44 günlük müharibədən sonra ilk dəfədir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi yenidən bu qədər ciddi şəkildə gündəmə gəlib:

"Bu dəfə burada humanitar diplomatiyasından istifadə olunur və Ermənistan baş nazirinin bu məsələdə xüsusi canfəşanlığını müşahidə edirik. Xüsusən bu gün Paşinyan keçirdiyi iclasda Türkiyəyə yardım etməyinə görə onu qınayanları tənqid etmiş və bunun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini bildirmiş və Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfərini simvolik qiymətləndirmişdir. Son günlər Qərbə bağlı dairələr həm Türkiyədə, eləcə də Azərbaycanda qardaş ölkədə hakimiyyət dəyişiklikliyi baş verəcəyi təqdirdə bunun Azərbaycanla münasibətlərə təsir etməyəcəyini bildirməklə izi azdırırlar. Təbii ki, indiki məqamda, bu Aİ missiyasının Ermənistan sərhədlərinə gəldiyi bir zamanda və Ermənistanla-Azərbaycan arasında müzakirə mövzusu olan sülh müqaviləsi ərəfəsində Azərbaycana qarşı təzyiqləri artırmağa xidmət edir".

Vüqar Əhmədov onu da deyib ki, Qərb üçün indiki məqamda ən vacib məsələ, yəni Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyasından və iki ölkə arasında sülh müqaviləsi ətrafında razılaşmalardan əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına nail olmaqdır:

"Bütün bu addımlar Qərb tərəfindən Ermənistana üçtərəfli razılaşmalardan yayınmağa və manevr imkanlarını artırmağa xidmət edir".

Mehman
Xəbəri paylaş