Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” xəbər agentliyinə müsahibəsində Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulaması onu göstərir ki, Nikol Paşinyan və onun komandasının digər üzvləri kimi Armen Qriqoryan da beynəlxalq hüquqdan xəbərsizdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri bildirib ki, Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə qarışmaq hüququ yoxdur:
"Bu, Azərbaycanın öz daxili məsələsidir. Armen Qriqoryan və Ermənistanın digər rəsmi şəxsləri zaman-zaman bu cür təxribat xarakterli açıqlamalar verməklə yekun sülh sazişinin imzalanması prosesini süni surətdə ləngidirlər. Bu da ondan irəli gəlir ki, Ermənistan bölgədə sülhün bərqərar olmasında maraqlı deyil".
MHP sədri onu da vurğulayıb ki, İrəvan Fransa və İranı bölgədəki proseslərə fəal surətdə cəlb etməklə sabitliyi pozmağa çalışır:
"Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh və təhlükəsizlik haqqında populist çıxış etməyə hazırlaşan Nikol Paşinyanın hazırkı avantürist və pozucu mövqeyi əslində sülh və təhlükəsizliyə ən cidddi təhdiddir".
Mehman